Böyük Britaniyanın üç ən varlı milyarderi müəyyənləşib

Böyük Britaniyanın üç ən varlı milyarderi müəyyənləşib
# 09 may 2011 08:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Böyük Britaniyanın üç ən varlı milyarderinin adı açıqlanıb. «APA-Economics»in məlumatına görə, Böyük Britaniyanın «Sunday Times» nəşriyyatının tərtib etdiyi siyahıya əsasən, reytinqdə birinci yerdə hindistanlı Lakşmi Mitall qərarlaşıb. Belə ki, 2005-ci ildən etibarən sözügedən siyahıda birinciliyi heç kimə verməyən poladəritmə maqnatı L. Mitallın sərvəti 27,9 mlrd. ABŞ dolları təşkil edir.

Halbuki o, son bir il ərzində kapitalının 1/5 hissəsini itirib.

Reytinqdə ikinci yerdə varidatı 20 mlrd. dollardan çox olan, metallurgiya səhmdarı və Londonun «Arsenal» futbol klubunun şəriki olan Rusiya vətəndaşı Alişer Usmanov qərarlaşıb.

Siyahıda üçüncü yerdə isə Londonun «Çelsi» futbol klubunun, «Millhouse Capital» investisiya evinin sahibi Roman Abramoviç gəlir. Rusiyalı milyarderin kapitalı 16,4 mlrd. dollar təşkil edir. R. Abramoviç 2004-cü ildən bu siyahıda ya birinci, ya da ikinci yerdə olub.

«Sunday Times»ın məlumatına əsasən, son bir il ərzində Böyük Britaniyada milyarderlərin sayı 20 nəfər artaraq 73-ə çatıb. Onların ümumi kapitalı isə təxminən 650 mlrd. dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR