Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib

Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib
# 11 iyun 2012 09:03 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyənin Qars şəhərində İqtisadi İnkişaf Nazirliyinin (İİN), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), Türkiyənin Odalar və Borsalar Birliyinin və Xarici İqtisadi Əlaqələr Təşkilatının, Gürcüstanın “Invest in Georgia” Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, artıq ikinci dəfədir ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes-forum keçirilir.

Tədbirdə Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov və digər rəsmilərin, eləcə də sənaye, kənd təsərrüfatı, tikinti, turizm, enerji, bank, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, logistika və digər sahələrdə fəaliyyət göstərən sahibkarların təmsil olunduğu nümayəndə heyəti iştirak edib.

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bu forumun Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun nümunəsi olduğunu qeyd edib, qonşu ölkələr arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verib. Türkiyəli nazir bir daha vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad etməyincə, Türkiyə Ermənistanla diplomatik və iqtisadi əlaqələr qurmayacaq: “Türkiyə daim qardaş Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev prezident İlham Əliyevin həm Türkiyə, həm də Gürcüstanla siyasi və iqtisadi əlaqələrin davamlı olaraq inkişafına böyük önəm verdiyini və ölkə başçılarının səyləri nəticəsində bu əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığının dünyada örnək olduğunu vurğulayıb: “Ölkələrimizin iqtisadi potensialının, əlverişli coğrafi mövqeyinin, böyük tranzit imkanlarının, eləcə də bu üstünlüklərin reallaşdırılması üçün həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars transmilli layihələri regionu Avropa ilə Asiya arasında səmərəli iqtisadi əməkdaşlığın zəruri həlqəsinə çevirib”.

Ş.Mustafayev qeyd edib ki, 2012-ci ilin 4 ayı ərzində Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 60%, Gürcüstanla xarici ticarət dövriyyəsi isə 15% artıb. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 844 şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. dollar, ARDNŞ və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. dollar təşkil edir. Təkcə ARDNŞ-ın Türkiyəyə investisiyaları 2018-ci ilədək 17 mlrd. dollar təşkil edəcək. “Petkim”in həyata keçirəcəyi yeni layihə minlərlə iş yeri yaradılmasına imkan verəcək: “Gürcüstanda isə Azərbaycan sərmayələri əsasında 272 şirkət fəaliyyət göstərir və 1996-2011-ci illər ərzində bu şirkətlər tərəfindən təxminən 454,5 mln. dollar məbləğində investisiya qoyulub”.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya isə çıxışında üçtərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və iş adamlarının əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacaqlarına əminliyini vurğulayıb.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR