Bakıda MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının iclası keçirilir - FOTOSESSİYA

Bakıda MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının iclası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 21 iyun 2012 08:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 36-cı iclası işə başlayıb.

APA-Economics”in xəbərinə görə, iki gün davam edəcək iclasda Azərbaycan, Ukrayna, Qazaxıstan, Rusiya, Moldova, Belarus və Tacikistan, həmçinin beynəlxalq təşkilatlardan 50-dən artıq nümayəndə iştirak edir.

İclasın ilk günü Şuranın 35-ci iclasında qəbul edilmiş qərarların icra vəziyyəti və bu sahədə görülmüş işlər müzakirə edilib. Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın katibliyinin rəhbəri Azam Usmanov ötən iclasda qəbul edilmiş qərarların icrasına dair hesabatı iştirakçıların diqqətinə çatdırıb. Şuranın Azərbaycan tərəfdən nümayəndəsi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsyev “Müasir mərhələdə Azərbaycanda rəqabət siyasətinin inkişafı” mövzusunda məruzə ilə çıxış edib, ölkədə antiinhisar orqanının fəaliyyəti və səmərəli işinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Daha sonra digər ölkələrin antiinhisar orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək antiinhisar orqanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

İclasda Şuranın 35-ci iclasından ötən dövr ərzində üzv ölkələrin antiinhisar orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər, qanunvericiliyin tələblərinin pozulması hallarına qarşı qabaqlayıcı mexanizmlərin tətbiqi və s. kimi məsələlər barədə geniş müzakirələr aparılıb, təşkilati məsələlərə baxılıb. Rusiya Federal Antiinhisar Xidmətinin rəisi, MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının sədri İqor Artemyev yenidən 2 il müddətinə Şuranın sədri seçilib. Tədbirdə növbəti - 37-ci iclasın gələn il Odessada keçirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası MDB ölkələrinin dövlət başçıları tərəfindən imzalanmış “Razılaşdırılmış antiinhisar siyasətinin həyata keçirilməsi haqqında müqavilə”yə əsasən yaradılıb. Şuranın ilk iclası 1994-cü ildə Minskdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR