Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi fəaliyyətə başlayıb

Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi fəaliyyətə başlayıb
# 29 iyun 2012 11:55 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Türkiyədə Azərbaycanlı İş Adamları Birliyinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxslərlə yanaşı, sahibkarlar, iş adamları birliklərinin, ictimai təşkilatların nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkənin qazandığı uğurlar barədə geniş məlumat verib və qeyd edib ki, hazırda Azərbaycan bazar prinsiplərinə əsaslanan və davamlı inkişaf edən, qlobal böhran proseslərinin mənfi fəsadlarına qarşı yüksək dayanıqlı iqtisadiyyata malikdir, Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olmaqla, regionun lider dövlətidir. Nazir Türkiyədə Azərbaycanlı İş Adamları Birliyinin fəaliyyətə başlamasının azərbaycanlı iş adamlarının qardaş ölkədəki fəaliyyətini daha da genişləndirəcəyini, əməkdaşlıq üçün yeni imkanlar açacağını vurğulayıb və bildirib ki, Türkiyədə fəaliyyətə başlayan bu birlik Azərbaycanın sürətlə artan iqtisadi qüdrətindən, ölkədə güclü sahibkarlar sinfinin formalaşmasından xəbər verir.

Ş.Mustafayev həmçinin bildirib ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkənin maliyyə imkanlarının artmasına və xarici ölkələrə sərmayə yatırmasına əlverişli şərait yaradıb: «Bu gün Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Balkan regionu və digər ölkələrə irihəcmli investisiyalar qoyub».

«Azərbaycan şirkətlərinin xarici ölkələrdəki fəaliyyətində qardaş Türkiyənin xüsusi yeri var. Dövlət başçılarımızın səyləri və iradəsi nəticəsində Azərbaycanla Türkiyə arasında siyasi və iqtisadi əlaqələr inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlib və bu gün tam əminliklə demək olar ki, Azərbaycan-Türkiyə əməkdaşlığı dünyada bir örnəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu əməkdaşlığın gözəl nümunələridir. Bu günlərdə Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihəsi üzrə imzalanmış sazişlər əməkdaşlığımızın inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu strateji layihənin bir özəlliyi də ondan ibarətdir ki, burada Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Türkiyənin «BOTAŞ» şirkətinin timsalında ancaq Azərbaycan və Türkiyə iştirak edir», - deyə Ş.Mustafayev bildirib.

Nazir həmçinin qeyd edib ki, Azərbaycanın və Türkiyənin uğurları, iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq, həyata keçirilən transmilli layihələr iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir: «Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1 106 şirkət, Türkiyədə isə 1 000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. ABŞ dolları, ARDNŞ və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. dolları təşkil edir, 2018-ci ilədək təkcə ARDNŞ-ın Türkiyədə investisiyaları 17 mlrd. dolları təşkil edəcək».

Öz növbəsində Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin rəhbəri Seymur Ağayev çıxışında birliyin yaradılmasının məqsədi, vəzifə və funksiyaları barədə məlumat verib, qurumun Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının fəaliyyətinin əlaqələndirilməsində, yeni investisiyaların təşviqində əhəmiyyətli olacağını vurğulayıb.

ARDNŞ prezidenti Rövnəq Abdullayev, Türkiyə iqtisadiyyat nazirinin müavini Ahmet Yakıcı, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəhbəri Məmməd Musayev çıxışlarında Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin səmərəli fəaliyyəti iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsində yeni imkanlar yaradacağını qeyd ediblər.

Sonra Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi ilə bir sıra təşkilatlar - Azərbaycan Türkiyə İş Adamları Birliyi, Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatı, ASK və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR