Azərbaycanda 3 tondan artıq yararsız sərinləşdirici içki məhv edilib

Azərbaycanda 3 tondan artıq yararsız sərinləşdirici içki məhv edilib
# 29 iyun 2012 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 3 tondan artıq yararsız sərinləşdirici içki məhv edilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Mahal Yusifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən «Amore» əmtəə nişanlı qazlı suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin və koli-indeksinin normadan çox olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 3 085 litr qazlı suların qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən M.Yusifova icrası məcburi göstəriş verilib.

Qeyd edilən içkilər Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Bundan başqa, istehsal olunan məhsulların markalanmasında istehlakçıların çaşdırılmasına səbəb olan məlumatlardan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə M.Yusifov barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR