Azad edilmiş ərazilərdə SES-lərin bərpası üçün Türkiyə şirkətləri ilə müqavilə imzalanıb - YENİLƏNİB

Azad edilmiş ərazilərdə SES-lərin bərpası üçün Türkiyə şirkətləri ilə müqavilə imzalanıb - YENİLƏNİB
# 27 dekabr 2023 16:47 (UTC +04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.

APA-Economics” xəbər verir ki, sənədi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Demirören və “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata imzalayıblar.

Müqaviləyə əsasən, Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsi dövlət-özəl sektor tərəfdaşlığına, yeni iş yerlərinin yaradılmasına, bərpa olunan enerji sahəsində təcrübə və bacarıqların təkmilləşdirilməsinə, 2030-cu ilədək enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəfinə və istixana qazı emissiyalarının azaldılmasına töhfə verəcək.

Kəlbəcər və Laçın rayonlarında yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilməsi və fəaliyyətinin təşkili layihəsi AİŞ-in işğaldan azad edilmiş ərazilərə özəl investisiyanın cəlb edilməsi ilə bağlı ikinci layihəsidir. İlk layihə Ağdam rayonu Şahbulaq kəndində yerləşən əhəngdaşı yatağında mişar daşının istehsalı layihəsi olub.

Qeyd edək ki, Azərbaycanda dayanıqlı enerji növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli ölkənin enerji siyasətinin prioritetlərindəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ildə ölkəmiz dünyanın ən mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a ev sahibliyi edəcək. Bu baxımdan, bölgədə alternativ enerji layihələrinin reallaşdırılması, azad olunmuş ərazilərimizdə su elektrik stansiyalarının bərpası və yenilərinin yaradılması məqsədilə özəl sərmayədarlarla əməkdaşlıq önəm kəsb edir.

***

15.34

İşğaldan azad edilmiş ərazilərimizdə "yaşılenerji" zonasının yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanmışdır.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə platformasında paylaşım edib.

Nazir paylaşımda qeyd edib ki, “Azərbaycan 2030-cu ilədək elektrik qoyuluşu gücünün 30 faizini bərpa olunan enerji mənbələrindən əldə etməyi və istixanaqazı emissiyalarını azaltmağı hədəfləyir.

Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə yeni iş yerləri yaratmaqla bərabər, əhalinin Böyük Qayıdışının sürətləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafa və bərpa olunan enerji sahəsində yeni təcrübə və bacarıqların ötürülməsinə töhfələr verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR