İyunun 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə vaxtilə sənətkarla bir yerdə çalışan həmkarları çıxış edərək aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək.
Tədbirin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, professor İlham Rəhimlidir. Teatrın foyesində ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.
Yusif Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə anadan olub. 1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələr, sözsüz rollar ifa edən aktyor, eyni zamanda Yəhudi Dövlət Dram Teatrında da işləyib. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib.
1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında çalışıb. Sənətkar 1960-cı ildə əməkdar artisti, 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub.
Yusif Vəliyev 1980-ci il mart ayının 18-də vəfat edib.