Kaxa Kaladze: "Gürcüstan yay aylarında İranı elektrik enerjisi ilə təmin edə bilər"

Kaxa Kaladze: "Gürcüstan yay aylarında İranı elektrik enerjisi ilə təmin edə bilər"
# 16 fevral 2016 23:55 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan yay aylarında İranı elektrik enerjisi ilə təmin edə bilər. APA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə hazırda İranda rəsmi səfərdə olan Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib. “Gürcüstan yay aylarında İrana elektrik enerjisi ixrac etməyə, qış aylarında isə əks istiqamətə enerji idxal etməyə hazırdır”, - deyə Kaxa Kaladze bildirib.

"İran maliyyə sanksiyalarının aradan qaldırılmasından sonra vacib və maraqlı ölkə olub. Biz bu ölkənin resurslarından maksimum istifadə etməliyik. Biz yeni maraqlı layihələri həyata keçirmək üçün hər şeyi etməyə çalışmalıyıq", - Kaladze deyib.

Səfər zamanı Kaladze İran rəsmiləri ilə nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edib.

"Biz İran yüklərinin daşınması üçün bizim dəhlizin maksimum səviyyədə hazır olduğunu ifadə etdik. Düşünürəm ki, belə layihələrin həyata keçirilməsi bütövlükdə ölkələrimizin iqtisadiyyatının inkişafına töhfə olacaq", - nazir qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Kaxa Kaladze mətbuat konfransında jurnalistlərə açıqlamasında İran ilə təbii qaz tədarükü məsələsini müzakirə etmək üçün İrana getdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR