İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Türkiyə səfəri ilə bağlı mətbuat konfransı keçirilib

İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Türkiyə səfəri ilə bağlı mətbuat konfransı keçirilib
# 03 mart 2016 10:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun rəhbərliyi Türkiyə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.


APA-nın məlumatına görə, forumun həmtəsisçisi, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, Gürcüstan, Türkiyə və Azərbaycan QHT-lərinin iştirakı ilə yaradılan forumun təşəbbüsü ilə fevralın 19-dan 26-dək Türkiyənin bəzi şəhərlərində görüşlər keçirib və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində müəyyən işlər görülüb.

Onun sözlərinə görə, səfərə İran, Bolqarıstan və Rusiyadan nümayəndələr qatılaraq dəstək veriblər: "Səfər çərçivəsində İzmir, Ankara, Sakarya, İzmit və İstanbulda bütün toplantılar yüksək səviyyədə keçirilib və Türkiyə ictimaiyyətində, hökumət və qeyri-hökumət təşkilatlarında maraqla qarşılanıb. Eyni zamanda qətnamələr qəbul edilib, qarşılıqlı əməkdaşlıq edilməsi qərara alınıb. Biz Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından forumun fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindəyik".


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev isə səfərin gözləniləndən daha effektli olduğunu diqqətə çatdıraraq, Türkiyədə səmimi qarşılaşdıqlarını deyib: "Hesab edirəm ki, ictimaiyyət ictimai rəyin siyasi qərara təsiri baxımından Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılmalıdır. Bu gün ATƏT-in Minsk qrupu bu problemi həll etmək iqtidarında deyil, məqsəd Dağlıq Qarabağı unutdurmaqdır".


Öz növbəsində Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov fevralın 27-də İstanbulda Xocalı soyqırımı ilə bağlı keçirilən yürüşə toxunaraq, onun əhəmiyyətini önə çəkib.

Tərxis Olunmuş Hərbçi Gənclərin Maarifləndirmə ictimai birliyinin sədri Emin Həsənli isə forumun yaradılmasını həm siyasi, həm mənəvi əhəmiyyəti qeyd edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı toplantılara Türkiyə rəhbərliyi səviyyəsində dəstək verilməsi iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.


Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Cəfərova da çıxışında səfərin davamlı olacağını və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR