Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulun 75%-i xaricə ixrac olunmalıdır

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında  istehsal olunan məhsulun 75%-i xaricə ixrac olunmalıdır
# 30 oktyabr 2023 14:17 (UTC +04:00)

Ələt Azad İqtisadi zonasına biz yüksək əlavə dəyərli ixrac yönümlü məhsul istehsal edən şirkətləri cəlb edirik.

APA xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasında yaşıllıqların götürülməsi, mühafizəsi və yeni yaşıllıq zonalarının salınmasına dair Dövlət Ekoloji Elspertiza Agentliyi ilə birgə keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, həmin müəssisələrin fəaliyyətini təmin etmək üçün müvafiq cəlbedici qanunvericilik olduğu kimi əlverişli infrastruktur da olmalıdır:

"Ələt Azad İqtisadi Zonasına aid qanunvericilik dəqiq işlənmiş, investorların cəlb edilməsi üçün olduqca uğurludur. İnvestorlarların cəlb edilməsi üçün ikinci məsələ infrastrukturla təmin olunmuş ərazinin yaradılmasıdır ki, bu da artıq həyata keçirilməyə başlanıb. Ərazidə birinci mərhələdə həyata keçirilməsi nəzərdə tutulan işlər yekunlaşıb. Növbəti mərhələ üçün əraziləri hazırlayırıq. 138 hektar ərazinin artıq 41 hektarında xarici investorlar tərəfindən müəssisələrin tikilməsi nəzərdə tutulub. Orada işləri qısa zamanda tamamlamalıyıq. Çünki investorlardan biri təxminən 85 min kvadratmetr ərazini əhatə edən müəssisəsinin tikintisinə iki-üç ay sonra başlamaq istəyir. Ərazini hazırlamaq üçün təmizlik işləri aparılır. Köhnə kombinat sökülüb və ərazinin bir hissəsində bir neçə ağac var ki, son 30-40 ildə baxımsız qalıb. Həmin ağacların götürülməsi və kompensasiya edilməsi nəzərdə tutulub. Ümumilikdə ərazidə indiyə qədər ekoloji baxımdan səmərəli işlər görülüb. Bundan sonra da görüləcək infrastruktur işlərində ekoloji tələblərə ən yüksək səviyyədə cavab veriləcək".

O həmçinin bildirib ki, 138 hektar ərazininin 10.5 hektar hissəsində yaşıllaşdırma, abadlaşdırma işləri zamanı 10 növdə 1513 ədəd ağac əkiləcək:

"Ərazidə, həmçinin 15 növdə 39 min kol tipli güllər əkiləcək, geniş yaşıl örtüklü sahələr salınacaq".

Valeh Ələsgərov çıxışı zamanı deyib ki, ərazidə yüksək əlavə dəyərli, ixrac yönümlü məhsul istehsal edən şirkətlərdən başqa digər məqsədli müəssisələrin əraziyə buraxılmasına yol verilmir:

"Biz bunu açıq-aydın hər yerdə deyirik. Yəni burada anbar yaratmaq, məhsulunu paylamaq istəyənlərə icazə verilmir. İstehsal burada olmalı və buradan paylanmalıdır. Burada bir logistika mərkəzi var və o da müştərilərimizə mərkəzləşdirilmiş şəkildə xidmət göstərəcək. Qalan müəssisələrin hamısı istehsal müəssisələridir".

"Burada fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsulun 75 faizi xaricə ixrac olunmalıdır. Çünki icrac olunursa, deməli, keyfiyyət var. Eyni zamanda, nəzərə almaq lazımdır ki, buradakı üstünlük və güzəştlərdən istifadə edən müəssisələr məhsulu Azərbaycan bazarına daha ucuz qiymətə çıxararsa, bu zaman buradakı müəssisələr rəqabətə dözə bilməyəcəklər. Ona görə belə bir şərt var. Əgər müəssisə istehsalının 75 faizdən az hissəsini xaricə ixrac edərsə, o zaman fəaliyyətini davam etdirəcək, lakin güzəşt və üstünlüklərdən azad olunacaq. Müəssisə avtomatik olaraq Azərbaycan müəssisəsinə çevrilərək bütün vergi, rüsumları ödəyəcək. Yəni rəqabət olacaqsa, ədalətli olacaq", - deyə o qeyd edib.

Valeh Ələsgərov çıxışı zamanı həmçinin qeyd edib ki, Ələt Azad İqtisadi Zonasında müəssisə yaradan şirkətləri Azərbaycan müəssisələri ilə əlaqələndirməyə də çalışılır:

"Bu əlaqələndirmə bizim işimiz olmasa da, edirik. Məsələn, burada elektrik dalma nasosları istehsal edən şirkət Sumqayıtdakı müəssisədən ildə 3 milyon metrə yaxın kabel alacaq. Bu, çox böyük rəqəmdir. Yeni iş yerləri, qazanc, yeni bilik, təcrübə deməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR