Bu ilin ilk hərracında 4 dövlət müəssisəsi və 15 qeyri-yaşayış sahəsi özəlləşdirilib

Bu ilin ilk hərracında 4 dövlət müəssisəsi və 15 qeyri-yaşayış sahəsi özəlləşdirilib
# 09 yanvar 2018 10:01 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, rəqabət mühitində keçən budəfəki hərracda Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son 31 min 150 manat təklif edilib. Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 14 min manat olsa da 32 min manata sahibini tapıb.

Nəqliyyat vasitələrinin hərracında da rəqabət özünü göstərib. Belə ki, “QAZ-3102” markalı avtomobilin ilkin start qiyməti 2 min manat olduğu halda ən son 3 800 manata özəlləşdirilib. Bundan başqa, 2006-ci il istehsalı olan “Nissan Maxima”nın ilkin start qiyməti 2 min 775 manat olmasına baxmayaraq 5050 manata sahibini tapıb.

Qeyd edilməlidir ki, budəfəki hərracda ümumilikdə 21 dövlət əmlakı sahibini tapıb. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müxtəlif iqtisadi sahələrdə əlverişlidir. Göyçay şəhərində yerləşən Təmir emalatxanası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 660 kvadratmetrdən çox torpaq sahəsi isə 14 min 500 kvadratmetrə yaxındır.

Bundan başqa, Lerik rayonunda yerləşən Qosmalian süd qəbulu məntəqəsi də xidmət sahəsi üçün əlverişli obyektdir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 90 kvadratmetrə yaxın, torpaq sahəsi isə 100 kvadratmetrdən çoxdur.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxt ərazisindədir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Nərimanovda, hər birində 3 olmaqla Səbail, Nəsimi və Suraxanı rayonunda, qalanları isə müvafiq olaraq Nizami, Xətai, rayonlarında yerləşir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 18,6 kvadratmetr olan Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün privatization.az portalından “Nəticələr” bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edək ki, elektron hərrac vasitəsilə özəlləşdirmədə iştirak edib əmlak almaq üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər.

İştirakçı elektron hərraca qoşulmaq üçün bir sıra sadə elektron prosedurlardan keçir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün müvafiq düyməsini seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10% beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və sifariş verir. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra behi ödəyir. Beh ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir.

Onlayn hərrac da adi hərrac kimi, iştirakçılar tərəfindən qiymətlər təklif edilməklə aparılır. İştirakçı müvafiq xanaya təklif edəcəyi məbləği qeyd edir. Hərrac rəqabətli keçdikdə, istifadəçilər məbləği addım-addım artırırlar. Hər addımda artırılan məbləğ özəlləşdirilməyə çıxarılan əmlakın qiymətinin 1%-dən az olmamalıdır. Hərrac iştirakçısı yeni təklifini 60 saniyə ərzində etməlidir.

Hərracın qalibi 30 bank günü müddətində əmlakın pulunu ödəməlidir. Bundan sonra əmlak alıcının adına rəsmiləşdirilir. Məbləğ ödənilmədikdə isə hərracın nəticəsi ləğv edilir, beh geri qaytarılmır, əmlak isə satıcının sərəncamında qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR