Cəlilabadda sahibkarlara 615 min manat güzəştli kredit verilib

Cəlilabadda sahibkarlara 615 min manat güzəştli kredit verilib
# 07 mart 2013 13:23 (UTC +04:00)

Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Cəlilabadda keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 100-dək sahibkar iştirak edib.

Tədbirdən əvvəl Cəlilabadda əsas hissəsi SKMF-in güzəştli kreditləri hesabına maliyyələşdirilmiş müasir soyuducu və taxıl anbarı komplekslərinin fəaliyyətinə baxış keçirilib.

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirində SKMF tərəfindən Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, rayon üçün prioritet hesab olunan iri taxılçılıq təsərrüfatlarının, intensiv çiyələk əkini və emalı müəssisəsinin, kartofçuluq təsərrüfatlarının, nişasta istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının və üzümqurutma müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb. Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət alıb, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb.

İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Cəlilabadda görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev 2013-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələrin müasir südlük və ətlik istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının, ət kəsimi və emalı, çörək istehsalı müəssisələrinin, iri taxılçılıq, üzümçülük təsərrüfatlarının, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin, istixana, soyuducu, taxıl anbarı komplekslərinin, sənaye müəssisələrinin yaradılması, kiçik sahibkarlığın inkişafı üzrə investisiya layihələri olduğunu vurğulayıb. Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində artıq 479 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat güzəştli kredit verilib.

Cəlilabadda keçirilən tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Cəlilabad və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkara 615 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu kreditlər əsasən heyvandarlıq, quşçuluq, üzümçülük, toxumçuluq, tərəvəzçilik, tikinti materialları istehsalı və s. sahələrə yönəldiləcək. Ümumiyyətlə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1288 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,5 milyon manat kredit verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR