Dekabrda Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarasında Komissiyanın iclası keçiriləcək

Dekabrda Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarasında Komissiyanın iclası keçiriləcək
# 19 oktyabr 2017 07:21 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəni ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev təşkilata üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi əlaqələr yüksək səviyyədədir, qarşılıqlı hörmət və dostluğa əsaslanır.

İqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışan Ş. Mustafayev oktyabrın 20-də Bakıda keçiriləcək və bu formatda ilk belə tədbir olacaq Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes forumu əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını qeyd edib.

Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən Ş. Mustafayev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanların olduğunu, ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yaradılmış güzəştli rejimdən istifadə edərək istehsal müəssisələrinin yaradıla biləcəyini diqqətə çatdırıb: “Bundan başqa, KƏŞ-ə üzv ölkələr Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə edə, Azərbaycan məhsullarının ixracı genişləndirilə bilər. Bu ilin dekabrında Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə təşkil ediləcək ixrac missiyası iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının ixracının genişlənməsinə əlavə imkanlar yaradacaq”.

Əbdüllətif bin Raşid Əl-Zəyyəni Azərbaycanla mövcud əlaqələrin səviyyəsini yüksək qiymətləndirib, əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul etdiyini vurğulayan baş katib görüş zamanı dövlət başçısının verdiyi tövsiyələrin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, körfəz ölkələri və Azərbaycan arasında aviareyslərin həyata keçirilməsi, hava limanında vizaların verilməsi Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üzv ölkələrindən gələn turistlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bir sıra sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdıran Əbdüllətif bin Raşid Əl-Zəyyəni BƏƏ və Qətərə təşkil edilmiş ixrac missiyaları çərçivəsində əldə olunmuş razılaşmalara əsasən, Azərbaycan Şuraya üzv ölkələrdəki bir sıra marketlər şəbəkələrində satıldığını qeyd edib.

Vurğulanıb ki, bu ilin dekabrında Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası və bu çərçivədə keçirilməsi nəzərdə tutulan biznes forum da əlaqələrin inkişafına töhfəsini verəcək.

Görüşdə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR