İran Azərbaycanı “Araz” Azad İqtisadi Zonasında əməkdaşlığa dəvət edir - APA TV

İran Azərbaycanı “Araz” Azad İqtisadi Zonasında əməkdaşlığa dəvət edir - <span style="color: red;">APA TV
# 11 mart 2013 13:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA TV. İranın Şərqi Azərbaycan vilayətindəki “Araz” Azad İqtisadi Zonası 9 il öncə yaradılıb.

APA Tv-nin xəbərinə görə, 20 il müddətində sərmayədarlara vergisiz fəaliyyət vəd edən zona bütün dünyadan olan iş adamları üçün açıqdır.

Azərbaycanlı investorların diqqətini cəlb etmək məqsədilə Azərbaycan jurnalistləri üçün zonaya baxış təşkil olunub. Diqqətə çatdırılıb ki, ərazidə hələlik üç zavod fəaliyyət göstərir. Zonanın sənaye müdiri Səid Əlizadə ərazidə yaradılan yüngül tipli avtomobil istehsalı zavodunun İranın ən böyük özəl maşınqayırma kompleksi olduğunu, zavodun istehsal etdiyi yük maşınlarının artıq Azərbaycanın bir neçə özəl şirkətinə, 250 ədədinin isə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə satıldığını bildirib.

Ərazidə həmçinin tekstil şirkəti fəaliyyət göstərir. Fabrikin ortağı türkiyəli investordur. İdarə heyətinin sədri Ə.Delaviz şirkətin istehsal etdiyi məhsulları Qafqaz və Rusiya bazarına çıxarmaq üçün azərbaycanlı iş adamlarını əməkdaşlığa çağırıb.

Zonada fəaliyyət göstərən parfüm fabriki də məhsullarını Azərbaycan bazarına çıxarmaq və ölkənin iş adamları ilə əməkdaşlıq etmək niyyətindədir. “Araz” Azad İqtisadi Zonasının mədəniyyət, sosial və turizm üzrə rəis müavini Adil Nəcəfzadə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib ki, “Araz” Azad İqtisadi Zonasını dünyaya tanıtmaq üçün bu ərazidə turizm profilli universitet də inşa ediləcək. Bu sahədə də o, Azərbaycan tərəfi ilə əməkdaşlıq etmək niyyətində olduqlarının bildirib.

A.Nəcəfzadənin sözlərinə görə, Azərbaycandan insanların müalicə məqsədilə Təbriz şəhərinə gəlməsini nəzərə alaraq İranın Culfa şəhərində azərbaycanlılar üçün iki xəstəxana tikiləcək. Bu xəstəxanaların tikilməsi həm zaman, həm də xərclərin az olması baxımından Azərbaycan vətəndaşları üçün sərfəli olacaq.

Məlumat üçün bildirək ki, artıq Azərbaycandan da bir neçə sahibkar bu zonaya sərmayə qoyub. İran tərəfi bu zonanın Azərbaycanla müştərək təşkil edilməsini istəyir. Bu məsələ iki ölkənin rəsmiləri arasında bir neçə dəfə müzakirə edilib. Bununla əlaqədar yaxın vaxtlarda zonanın sədrinin Azərbaycana səfəri gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR