Quba rayonunda 41 sahibkara 646 min manat güzəştli kredit verilib

Quba rayonunda 41 sahibkara 646 min manat güzəştli kredit verilib
# 27 mart 2014 14:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbirini Quba rayonunun Yeni Güləzi kəndində keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, müasir çörək istehsalı, meyvə və tərəvəz emalı müəssisələrinin və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 879 investisiya layihəsinin maliyyələşdirilməsinə 28,1 mln. manat güzəştli kredit verilib: «Bu investisiya layihələrinin reallaşdırılması 2 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir».

Ş.Abdullayev qeyd edib ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 488 investisiya layihəsinin maliyyələşdirilməsinə 113,6 mln. manat güzəştli kredit verilib: «Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistika mərkəzləri, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, üzümçülük təsərrüfatları, tara, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. Verilmiş güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir».

Yeni Güləzi kəndində keçirilən «Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri çərçivəsində Quba və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkara 646 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq və s. sahələrinin inkişafına yönəldiləcək və 70-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Tədbir çərçivəsində həmçinin, Quba rayonunun Vəlvələ kəndində güzəştli kredit ayrılmış logistika mərkəzinin fəaliyyətinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR