Xaçmaz. Vəli Turan–APA. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində Biznes İnkubator fəaliyyətə başlayıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bununla bağlı bu gün keçirilən tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Gənc Sahibkarlar Şəbəkəsi”nin, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, eləcə də biznes inkubatorun iştirakçıları qatılıb.
Tədbir iştirakçıları öncə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş ixracyönümlü və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin və GİZ-in əməkdaşlarının da ziyarət etdiyi sərgidə Quba-Xaçmaz iqtisadi rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanılması sahəsində fəaliyyət göstərən 30-a yaxın şirkətin 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Xaçmazda biznes inkubatorun yaradılmasının sahibkarlığın inkişafına göstərilən növbəti dəstək tədbiri olduğunu bildirib.
Biznes inkubatorda fəaliyyət göstərəcək iştirakçılar bu ilin iyul ayında İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət komissiya tərəfindən seçilib. Ümumilikdə, biznes inkubatorda ilkin olaraq 20 gənc turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanacaq. Biznes inkubatorun fəaliyyəti üçün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv metrə yaxın sahə ayrılıb və müasir tələblərə cavab verən ofis avadanlıqları ilə təchiz olunub.
Burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar veriləcək, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstəriləcəkdir.
Artıq biznes inkubator Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış müvafiq tədris plan və proqramları, eləcə də zəruri metodiki vəsaitlərlə təmin olunub.
Yerli mütəxəssislərlə yanaşı, gələcəkdə biznes inkubatorda xarici ekspertlərin fəaliyyəti də nəzərdə tutulur. Bundan başqa, biznes inkubator iştirakçıları gələcəkdə xarici ölkələrin fəaliyyət göstərdikləri sahələr üzrə müəssisələrində ixtisasartırma keçəcək, onlarla biznes əlaqəsi qurumalarına köməklik göstəriləcək.
S. Məmmədov biznes inkubatorların ölkənin digər iqtisadi rayonlarında da yaradılacağını qeyd edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxışında Azərbaycanda biznes inkubatorun yaradılması üçün pilot olaraq Quba-Xaçmaz iqtisadi rayonunun seçilməsinin regionda sahibkarlığın, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafına töhfə verəcəyini qeyd etmiş, layihənin məşğulluğun artırılmasında da əhəmiyyətli olacağını diqqətə çatdırılıb.