Xankəndi və Xocalıdan olan məcburi köçkünlərə güzəştli kredit verilib

Xankəndi və Xocalıdan olan məcburi köçkünlərə güzəştli kredit verilib
# 12 sentyabr 2014 09:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlarla dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair işgüzar forum keçirib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 100-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində SKMF tərəfindən Türkiyədən dəvət olunmuş mütəxəssisin iştirakı ilə hazırlanmış  güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələrə - kiçik cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, meyvəqurutma müəssisələrinin, quşçuluq təsərrüfatlarının  yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanıb

 

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. O qeyd edib ki, indiyədək 1 425 məcburi köçkün sahibkara 34 mln. manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 3 000-ə yaxın yeni iş yerinin yaradılması mümkün olub: “Təkcə, bu il ərzində 225 məcburi köçkün sahibkara 8,2 mln. manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilib ki, bu kreditlər hesabına 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,9 mln. manat güzəştli kredit verilib”.

 

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xankəndi və Xocalıdan olan 58 məcburi köçkün sahibkara 382 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 60-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

 

Aşağı Ağcakənd qəsəbəsində keçirilmiş işgüzar forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR