Yaponiya yerli məhsulların dünya bazarına çıxarılmasında Azərbaycana dəstək verəcək

Yaponiya yerli məhsulların dünya bazarına çıxarılmasında Azərbaycana dəstək verəcək
# 31 yanvar 2018 12:47 (UTC +04:00)

Kənd Təsərrüfatı naziri Heydər Əsədov Yaponiyanın Kioto şəhər Kənd təsərrüfatı kooperativlərinin prezidenti Yasuhiro Nakaqava ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqla bağlı müzakirələrin aparılması olub.

H. Əsədov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Yaponiya tərəfindən Azərbaycanda bir sıra layihələrin həyata keçirildiyini, həmçinin Yaponiyanın “2 KR Proqramı” çərçivəsində ayırdığı qrantlar hesabına yeni texnika və texnoloji avadanlıqların alındığını, fermer və sahibkarların bundan bəhrələndiyini diqqətə çatdırıb. Azərbaycanda kooperativlərin yaradılmasının ən vacib sahələrdən biri olduğunu, bu sahədə artıq hüquqi bazanın yaradıldığını, bu istiqamətdə irəliləyişlərin əldə olunması üçün Yaponiya təcrübəsinin tətbiq olunmasını məqsədəuyğun hesab edib.

Y. Nakaqava Kioto şəhərinin Yaponiyada tərəvəz istehsalı, qablaşdırılması və satışı üzrə ixtisaslaşdığını diqqətə çatdırıb, həmçinin Yaponiyada kooperativlərin yaranma tarixi, inkişaf istiqamətləri, formalaşması, maliyyə mənbələri barədə məlumat verib. Y. Nakaqava bu sahədə əsas 3 amilin - bank sistemi, sığorta və yeni texnologiya və avadanlıqlarının alınması və tətbiq olunmasını diqqətə çatdırıb. O, yüksək keyfiyyətli brend tərəvəz məhsulu istehsalı, saxlanması, qablaşdırılması və dünya bazarına çıxarılması texnologiyasının Azərbaycanda tətbiqinə dəstək veriləcəyini bildirib.

Nazir bu sahədə Yaponiya təcrübəsinin öyrənilməsini, keyfiyyətli tərəvəz məhsulu istehsalı, saxlanması, qablaşdırılması məqsədilə Azərbaycanda Yapon investorları üçün əlverişli investisiya mühitinin olduğunu, bu sahədə pilot təsərrüfatların da yaradılmasını nəzərə çatdırıb.

Görüşdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori iştirak edib. Səfir bu sahədə əməkdaşlıq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR