Ankara polisi seçki gecəsi səslər sayılarkən işıqların qəsdən söndürüldüyünü müəyyənləşdirib

Ankara polisi seçki gecəsi səslər sayılarkən işıqların qəsdən söndürüldüyünü müəyyənləşdirib
# 02 aprel 2009 15:33 (UTC +04:00)
Ankara – APA. Martın 29-da Türkiyədə bələdiyyə seçkiləri üzrə səsvermə başa çatdıqdan sonra paytaxt Ankaranın bəzi yerlərində işıqların söndürülməsi faktı ilə bağlı araşdırma aparılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ankara polisinin araşdırması nəticəsində işıqların qəsdən söndürüldüyü müəyyənləşib. Belə ki, səslərin sayılması zamanı şəhər elektrik şəbəkəsində sabotaj baş verib. Sabotajın kimlər tərəfindən həyata keçirildiyi hələlik bəlli deyil. Ankara seçki komissiyası da faktla bağlı araşdırmaları davam etdirir. Ankara Cümhuriyyət Prokurorluğu isə şəhərin Mamak rayonunda seçicilərin istifadə etdiyi imzalı, möhürlü seçki bülletenlərinin yandırılması faktı üzrə təhqiqata başlayıb.

Xatırladaq ki, səsvermə gecəsi Ankaradakı bəzi seçki məntəqələrində işıqlar sönüb. Müxalifətin Ankara bələdiyyə başqanlığına namizədləri Murad Qarayalçın (CHP) və Mansur Yavaş (MHP) işıqların qəsdən söndürüldüyünü bildirərək hakimiyyəti günahlandırıblar. Bəzi məntəqələrin yaxınlığındakı zibil qutularında isə bülletenlər tapılıb. Hətta bir məntəqədə seçki qutusunun oğurlanmasına cəhd göstərilib. Seçki pozuntuları təkcə Ankarada yox, İstanbulda və ölkənin digər şəhər və kəndlərində də baş verib. Bir çox yerdə partiyaların etirazlarından sonra bülletenlər yenidən sayılıb. Əvvəllər Türkiyədə keçirilən seçkilərdə bu cür biabırçılıqlar müşahidə olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR