İstanbulda BMT-nin “Mədəniyyətlər İttifaqı” layihəsinin II Forumu keçirilir

İstanbulda BMT-nin “Mədəniyyətlər İttifaqı” layihəsinin II Forumu keçirilir
# 06 aprel 2009 12:23 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Bu gün İstanbulun “Çırağan” sarayında BMT-nin “Mədəniyyətlər İttifaqı” layihəsinin II Forumu başlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, toplantının açılışında çıxış edən “Mədəniyyətlər İttifaqı” layihəsinin həmsədri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün dünyanın Mövlana Cəlaləddin Ruminin tolerantlığına həmişəkindən daha çox ehtiyacı olduğunu vurğulayıb. Layihənin digər həmsədri, İspaniyanın baş naziri Xose Luis Zapatero bərabər çalışmağın vacibliyinə diqqət çəkib: “Birlikdə çalışmaq və birgə addımlar atmaqla yeni və fərqli bir XXI əsr yarada bilərik. Bu əsr sülh, bərabər yaşam və tolerantlıq əsri ola bilər”. BMT-nin baş katibi Pan Gi Mun isə bildirib ki, “Mədəniyyətlər İttıfaqı” layihəsi ilə yanğını hələ qığılcımlar ortaya çıxmadan söndürmək mümkündür.

Toplantıda NATO-nun yeni baş katibi Anders Foq Rasmussen də çıxış edib. O, bütün dinlərə hörməti olduğunu deyərək NATO ilə islam dünyası arasında əlaqələrin gücləndirilməsinə önəm verəcəyini söyləyib. O, mədəniyyətlərarası dialoqa ehtiyac olduğunu qeyd edib: “Pozitiv dialoq üçün səmimi kommunikasiya qurmaq lazımdır. Hər cür senzura dialoqun, qarşılıqlı anlaşmanın düşmənidir. Söz azadlığı açıq və konkret dialoq üçün ön şərtdir. Hər birimiz söz azadlığını bərqərar etməliyik ki, cəmiyyətin bölünməsi və nifrətin yaranmasının qarşısını alaq”. A. F. Rasmussen Məhəmməd Peyğəmbərin Danimarka mətbuatında dərc olunan karikaturaları ilə bağlı qalmaqalı da xatırladıb: “Həmin vaxt mənim mövqeyim çox açıq idi. Bu, qətiyyən mənim mövqeyimi əks etdirmirdi. Mən insanları dini və etnik mənşəyinə görə günahlandırmağın əleyhinəyəm. Dinlərə və dini simvollara, insanların dini duyğularına hörmətim var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR