Türk diplomatiyasında qalmaqal: Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şensoy istefa verib

Türk diplomatiyasında qalmaqal: Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şensoy istefa verib
# 09 dekabr 2009 18:21 (UTC +04:00)
Bakı-APA. Türkiyənin ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Nəbi Şensoy tutduğu postdan istefa verdiyini açıqlayıb. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, istefasının səbəbini açıqlamayan səfir Türkiyə Xarici İşlər Nazirliyindən geri çağırılmağını tələb edib. Baş nazir Rəcəb Tayyip Ərdoğanı ABŞ səfərində müşayiət edən jurnalistlərin özəl mənbələrdən əldə etdiyi məlumatlarda səfirin istefasının xarici işlər naziri Əhməd Davudoğlu ilə münasibətlərinin gərginləşməsi ilə əlaqədar olduğu bildirilir. İlkin məlumata görə, baş nazirin ABŞ-a səfər proqramını hazırlamaqla məşğul olan səfir Nəbi Şensoy Ankaradan gələn təlimata uyğun olaraq zirvə görüşünün “2+2” formatında keçirilməsini Ağ Ev administrasiyası ilə razılaşdırmalı, görüşdə baş nazirlə prezidentdən başqa xarici işlər naziri Davudoğlu və Hillari Klintonun da iştirakını təmin etməli imiş. İlkin olaraq görüşün bu formatda keçirilməsi razılaşdırılsa da, son anda Ağ Ev Ərdoğan-Obama görüşünə xarici işlər naziri və dövlət katibinin qatılmasına razılıq verməyib. Baş verənlərdən son anda xəbər tutan XİN başçısı Əhməd Davudoğlu səfər proqramının razılaşdırılmasına kimin məsul olduğunu soruşub. Nəbi Şensoyun “mən hazırlamışam” deməsi müqabilində XİN başçısı onunla işləmək istəmədiyini bəyan edib. “Səninlə işləmək istəmirəm” sözünə cavab olaraq Nəbi Şensoy baş nazirin ABŞ səfəri başa çatdıqdan sonra istefa verdiyini açıqlayıb və mərkəzə çağırılmasını istəyib. Türkiyə baş nazirini ABŞ səfərində müşayiət edən jurnalistlər Vaşinqtondakı görüşlər zamanı XİN başçısının səfirə daim iradlar tutduğunu da qeyd ediblər. Nəbi Şensoy jurnalistlərin israrlarına rəğmən istefasının səbəbini açıqlamayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR