Türkiyə XİN: İsrail həddini aşıb

Türkiyə XİN: İsrail həddini aşıb
# 12 yanvar 2010 14:54 (UTC +04:00)
Bakı – APA. Türkiyə Xarici İşlər Nazirliyi baş nazir Rəcəb Tayyib Ərdoğanın İsraili tənqid etməsinə bu ölkə Xarici İşlər Nazirliyinin verdiyi reaksiyanı qətiyyətlə pisləyib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Türkiyə XİN İsrail XİN-in bəyanatını daxili siyasi mülahizələrlə verilən və həddini aşan açıqlama kimi qiymətləndirib: “Türkiyənin bölgə ilə bağlı xarici siyasəti bütün ölkələrin, xalqların sülh, təhlükəsizlik və sabitlik şəraitində yaşaması, qeyri-adekvat güc tətbiqi və təcrid əvəzinə dialoqun ön plana çıxarılmasının təmin edilməsi məqsədini güdür. Türklər və yəhudilər arasında İsrail dövlətinin yaranmasından çox əvvələ qədər uzanan köklü əlaqələr, eləcə də bu gün İsraillə olan münasibətlərimiz ölkəmizə müvafiq tənqid və xəbərdarlıqlarla çıxış etmək haqqı verir. Tarix boyu yəhudilər hər dəfə dara düşəndə türklər onlara kömək əlini uzadıb. Türklər və yəhudilərin uzun birgə yaşama tarixi qarşılıqlı hörmət və tolerantlıq tarixidir. Bu səbəblə “Türkiyənin İsrailə əxlaq dərsi verəcək son ölkə” olduğuna dair iddianı rədd edirik. Gerçəkləri təhrif edən bu ifadə tarixə qarşı haqsızlıqdır”.

Türkiyə XİN ölkədə antisemitizmin mövcud olduğu fikrini də rədd edib: “Tariximiz və antisemitizmin insanlıq əleyhinə cinayət olduğuna dair şəxsən hörmətli baş nazirimizin açıqlamaları bu iddianın əsassızlığının sübutudur”.

Xatırladaq ki, İsrail XİN Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Livanın baş naziri Saad Həriri ilə keçirdiyi mətbuat konfransında İsrail əleyhinə söylədiyi fikirlərlə bağlı kəskin etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, türklər İsrail dövlətinə əxlaq dərsi verəcək ən son insanlardır: “İsrail dövləti vətəndaşlarını “Hizbullah”, HAMAS terrorundan qorumaq haqqına sahibdir. Türklərə gəlincə, onlar İsrail dövlətinə və dünyanın ən əxlaqlı ordusu olan İsrail müdafiə qüvvələrinə əxlaq dərsi verəcək ən son insanlardır”.

Qeyd edək ki, R. T. Ərdoğan İsrailin BMT-nin 100-dən çox qətnaməsini yerinə yetirmədiyini vurğulayıb: “Nüvə silahı məsələsində bizim mövqeyimiz aydındır. İrana bununla bağlı xəbərdarlıq edənlər eyni xəbərdarlığı İsrailə etmirlər. İsrail nüvə silahına malik olmadığını söyləməyib, əksinə, qəbul edib. Qəzzada da kütləvi qırğın silahlarından istifadə etdilər, fosfor bombaları atdılar. Dünən yenə Qəzzanı bombaladılar. Niyə, indi nə var? İndi də “raket atdılar” deyəcəksiniz? Hal-hazırda raket-filan atılmır. Niyə belə edirsiniz? “Bölgənin güclüsüyəm” deyirlər. Çünki qeyri-adekvat imkanları, gücləri var və bundan istifadə edirlər. BMT qərarlarını da yerinə yetirmirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR