ATƏT-in fəaliyyətdə olan sədri prioritetlərini elan edib

ATƏT-in fəaliyyətdə olan sədri prioritetlərini elan edib
# 14 yanvar 2010 12:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev ölkəsinin təşkilata sədrliyi dövrünün prioritetlərini elan edib. APA-nın xəbərinə görə, Vyanada ATƏT Daimi Şurasının iclasında çıxış edən K. Saudabayev ən vacib məsələlərdən birinin təhlükəsizlik olduğuna diqqət çəkərək Vankuverdən Vladivostoka qədər vahid təhlükəsizlik məkanının möhkəmləndirilməsinə dair müxtəlif ideyaların, o cümlədən Rusiyanın təklif etdiyi Avropada Təhlükəsizlik Müqaviləsinin hazırlanması ideyasının müzakirəsini dəstəkləməyə hazır olduqlarını bildirib. O, həlli uzanan münaqişələrin həllinə dəstək verməyin önəmini də vurğulayıb: “Münaqişələrin həllinə kömək hər sədrliyin dəyişməz prioritetidir və biz bu çətin prosesə töhfə verməyə çalışacağıq. Eyni zamanda bizim təşkilat insan faciələri və humanitar fəlakətlərə gətirib çıxaran bu cür münaqişələrin yaranmasının əngəllənməsi imkanını tapmağa da çalışmalıdır”.

K. Saudabayev fəaliyyətdə olan sədr qismində ilk səfərini fevralda Cənubi Qafqaz ölkələrinə edəcəyini söyləyib.

Digər prioritetlərdən danışan Qazaxıstan təmsilçisi bu sırada narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizə, ekoloji təhlükəsizlik, tolerantlığın və mədəniyyətlərarası dialoqun gücləndirilməsi məsələlərini göstərib. Bu il 15 üzv ölkədə prezident və parlament seçkilərinin keçiriləcəyini xatırladan K. Saudabayev qurumun Parlament Assambleyasını, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu öz işlərini əlaqələndirməyə və seçki proseslərinin müşahidəsində obyektivliyin, konstruktivliyin təmin olunması üçün hər şeyi etməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR