Necdet Pamir: “Ərdoğan nüvə stansiyasının tikintisini Rusiyaya tendersiz vermək istəyirsə, bunu ciddi şəkildə düşünməlidir”

Necdet Pamir: “Ərdoğan nüvə stansiyasının tikintisini Rusiyaya tendersiz vermək istəyirsə, bunu ciddi şəkildə düşünməlidir”
# 14 yanvar 2010 15:11 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. “Rusiya ilə Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi 38 milyard dollardır. Ancaq bu 38 milyard dolların içində Türkiyədən Rusiyaya ixracatın miqdarı sadəcə 6,5 milyard dollar təşkil edir. Rusiya isə Türkiyəyə bundan 5 dəfə artıq mal satır ki, bunun da əsas hissəsini neft və qaz təşkil edir. Ortada böyük bir tarazsızlıq var”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Dünya Enerji Şurası Türkiyə Milli Komitəsi İdarə Heyətinin üzvü Necdet Pamir verib. Onun sözlərinə görə, Rusiyanın nöqteyi-nəzərindən yanaşdıqda, Türkiyə ideal bir tərəf-müqabildir: “Mən məsələyə bu şəkildə baxıram: əgər iki ölkə arasında yeni sazişlər imzalanacaqsa, mən, ilk növbədə, öz ölkəmin mənafeyini düşünməliyəm. Hörmətli Ərdoğan iki ölkə arasındakı ticarət dövriyyəsini 5 ildə 100 milyard dollara çıxaracaqlarını deyir. Əgər 5 qat tarazsızlıq qalacaqsa, bunu ciddi fikirləşmək lazımdır. Ərdoğan bir az təmkinli danışaraq dedi ki, əgər razılaşma əldə edə bilsək, gələn ilin ortalarında nüvə enerjisi stansiyaları tikintisini də tender keçirmədən Rusiyaya verə bilərik. Biz qazın 63 faizini, neftin də 33 faizini Rusiyadan alırıq. Bu vəziyyətdə nüvə enerjisi məsələsini Rusiyaya bağlı vəziyyətə gətirməyin zərəri var. Hələ bu işlə bağlı qanunlara zidd şəkildə tender keçirməyərək nüvə stansiyası tikintisini Rusiyaya vermək-daha böyük təhlükə yaradır. Mən bunun nə məqsədlə edildiyini bilirəm-ancaq hələlik, demək istəmirəm. Bu, bir yerkökü siyasətidir”.

Necdet Pamir Türkiyəni Qara dənizdəki neft axtarışlarında səlahiyyəti olan ölkə kimi xarakterizə edib: “Xəzərdə də Türkiyənin payı var-ancaq eyni zamanda, orada “Lukoil” var. Türkmənistanda ruslar bizdən çox qabaqdadır. Qazaxıstanda Türkiyənin ciddi müvəffəqiyyəti yoxdur. Hər kəs bir-birindən müəyyən şeylər almağa çalışır. Onlar Türkiyədən Samsun-Ceyhan kəmərini və Samsundakı neftayırma zavodunun tikintisi hüququnu almaq istəyirlər. Nüvə stansiyası məsələsinin kökündə bu faktor durur. Mən dövlət işində olanda “Mavi axın”ı tənqid etdiyimə görə iki dəfə ANAP-dan olan enerji naziri maaşımı kəsmişdi. Məni şirkətlər yox, Türkiyənin mənafeyi maraqlandırır. Hilmi Gülər nazir olandan sonra ona “Mavi axın” barədə ətraflı məlumat verdim. AKP hökuməti “Mavi axın” məsələsini Ali Məhkəməyə verdi. Oradakı ən önəmli dəlil - “Mavi axın”ın Samsun-Ankara bölümünün rus firmasına tendersiz verilməsi idi. Bu saziş gecə yarısı Məclisdən keçirilmişdi. Hörmətli Ərdoğan nüvə stansiyasını Rusiyaya tendersiz vermək istəyirsə, bu barədə ciddi düşünməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR