İspaniyada “rus mafiyası”nın gürcü lideri 7,5 il azadlıqdan məhrum edilib

İspaniyada “rus mafiyası”nın gürcü lideri 7,5 il azadlıqdan məhrum edilib
# 01 iyun 2010 14:11 (UTC +04:00)
Bakı-APA. İspaniya məhkəməsi “rus mafiyası”nın milliyətcə gürcü lideri Zaxari Kalaşovun 7,5 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarıb. APA-nın məlumatına görə, Gürcüstan vətəndaşı olan və kriminal dairələrdə “Gənc Şakro” ləqəbi ilə tanınan Kalaşov İspaniyada postsovet məkanından olan kriminal ünsürlərdən ibarət “rus mafiyası”nın lideri sayılır. Məhkəmə araşdırması zamanı Kalaşovun kriminal pulları İspaniyada daşınmaz mülkiyyətin alınmasına yatırdığı müəyyənləşib. Bundan əvvəl “rus mafiyası”nın üzvü olan 2 Gürcüstan, 2 Rusiya və 1 Ukrayna vətəndaşı analoji ittihamla azadlıqdan məhrum edilib. Onların hamısı cəzasının ¾ hissəsini çəkdikdən sonra ölkələrinə deportasiya olunacaqlar. Kalaşov 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində saxlanıb və İspaniyaya təhvil verilib. 2010-cu ilin martında Kalaşov 300 min avro girov müqabilində azadlığa buraxılıb. Qeyd edək ki, Zaxari Kalaşov öz vətənində şifahi olaraq 18 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR