Beynəlxalq Böhran Qrupu Cənubi Osetiya ilə bağlı növbəti hesabatını açıqlayıb

Beynəlxalq Böhran Qrupu Cənubi Osetiya ilə bağlı növbəti hesabatını açıqlayıb
# 07 iyun 2010 15:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Beynəlxalq Böhran Qrupu (BBQ) “Cənubi Osetiya: tanınmanın ağırlığı” adlı hesabat yayıb. Qrupdan APA-ya daxil olan hesabatda deyilir ki, Rusiya da daxil olmaqla bu regionun müstəqilliyini yalnız 4 ölkə tanıyıb, digərləri onu Gürcüstanın ayrılmaz hissəsi kimi qəbul edirlər. Böhran Qrupunun fikrincə, Cənubi Osetiya münaqişədən əvvəlki vəziyyətlə müqayisədə heç də öz müstəqilliyindən çox istifadə edə bilmir və əsil müstəqillik əldə etmək şansı çox cüzidir.

BBQ-nin Qafqaz Qrupunun rəhbəri Lorens Şits hesab edir ki, Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınması əslində onun asılılığını möhkəmləndirib: “Cənubi Osetiyada vəziyyət Rusiyanın tərkibində olan Şimali Qafqaz respublikalarındakı vəziyyəti daha çox xatırlatmağa başlayıb. 2008-ci ildə qəbul olunmuş atəşkəs haqqında sazişi pozmaqla Rusiya regionda çoxsaylı qoşun saxlayır və praktik olaraq beynəlxalq təşkilatların, o cümlədən Avropa Birliyinin monitorinq missiyasının gəlişini əngəlləyir. Rusiya öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir və osetinlərin azad hərəkət etməsi, 20 min etnik gürcünün təhlükəsizliyi və mərhələli qayıdışı ilə bağlı Gürcüstan hakimiyyəti ilə əməkdaşlığı təşviq etməlidir. Cənubi Osetiyanın “heç kimin” ərazisi olmaması üçün bütün tərəflər əhalinin praktiki ehtiyacları və şikayətləri əsasında fəaliyyət göstərməlidirlər. Beynəlxalq təşkilatlar yerli de-fakto hakimiyyət və vətəndaş cəmiyyətləri ilə əlaqələri davam etdirməli, həmçinin Rusiya və Gürcüstanla əməkdaşlıq etməlidir”.

Qrupun Avropa üzrə proqram direktoru Sabina Freyzer isə hesab edir ki, osetinlərlə gürcülər arasında inamın yaradılması üçün uzun müddət lazımdır: “Yalnız çiçəklənən və demokratik dövlət, ayrılan regionlarda insan haqları məsələlərini və milli azlıqların problemlərini diqqətsiz qoymayan dövlət Cənubi Osetiyada Gürcüstana inamı bərpa etdirə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR