Polşanın baş naziri Rusiya tərəfinin açıqladığı hesabatla əlaqədar məzuniyyətini yarımçıq qoyaraq Varşavaya qayıdıb

Polşanın baş naziri Rusiya tərəfinin açıqladığı hesabatla əlaqədar məzuniyyətini yarımçıq qoyaraq Varşavaya qayıdıb
# 12 yanvar 2011 14:43 (UTC +04:00)
APA-nın məlumatına görə, İtaliyada istirahət edən baş nazirin təcili geri qayıtmasına səbəb Dövlətlərarası Aviasiya Komitəsinin prezident Lex Kaçinskinin ölümünə səbəb olan təyyarə qəzasına dair hesabatı açıqlamasıdır. Baş nazirin mətbuat katibi Pavel Üras bildirib ki, hökumət başçısı mətbuat nümayəndələrinin suallarını yanvarın 13-dən cavablandıracaq. Bundan əvvəl isə Donald Tusk təyyarə qəzasını araşdıran hökumət komissiyasının sədri, daxili işlər naziri Eji Millerlə məsləhətləşmələr aparacaq. “İTAR-TASS”ın məlumatına görə, yanvarın 18-də Polşa Seyminin müdafiə komissiyasının açıqlanan hesabatla bağlı xüsusi iclasının keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina bu gün mətbuat konfransı keçirib. O bildirib ki, “Polşa tərəfinin Beynəlxalq Aviasiya Komitəsinin texniki komissiyasının prezident Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasına dair təhqiqat əsasında hazırladığı hesabata iradları sənədin yekun versiyasına əlavə ediləcək, lakin qəzaya görə kimin məsuliyyət daşıdığına dair nəticələrə təsir göstərməyəcək”.

Mətbuat konfransında çıxış edən texniki komissiyanın rəhbəri Aleksey Morozov bildirib ki, qəzaya görə kimin məsuliyyət daşıdığına dair iradlar hesabatda nəzərə alınmayıb, çünki bu iradların hadisənin texniki tərəflərinə aidiyyəti yoxdur. DAK ekspertləri hesab edir ki, qəzanın əsas səbəbkarları əlverişsiz hava şəraiti ilə əlaqədar ehtiyat aerodroma enməkdən imtina edən pilotlardır. Tatyana Anodina bildirib ki, ekipaj göyərtədə olan yüksək vəzifəli şəxslərin təzyiqi ilə eniş etmək barədə müstəqil şəkildə qərar qəbul edib. Hadisə zamanı Polşa Hərbi Hava Qüvvələrinin baş komandanı pilotların kabinəsində olub. Onun qanında 0,6 promille alkoqol aşkarlanıb. Mətbuat konfransında qəzanın multimedia bərpası və baş verən hadisələrə dair film nümayiş olunub. Filmdə pilotların kabinəsindəki söhbətlər, həmçinin dispetçerlərin məlumatları səsləndirilib.

Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı hesabatın layihəsi ötən ilin oktyabrında Polşa tərəfinə təqdim olunub. Layihə ilə tanış olan Polşanın baş naziri Donald Tusk sənədin qəbuledilməz olduğunu bildirib. Varşava Dövlətlərarası Aviasiya Komitəsinə 150 səhifəlik irad göndərib. İradlarda hesabatda gəlinən nəticələrin beşdə birinin dəyişdirilməsi tələb olunur. Polşa tərəfi həmçinin Rusiyanın qəzaya görə məsuliyyətin bir hissəsini öz üzərinə götürməsini tələb edib. Polşanın ədliyyə naziri Kşiştof Kvyatkovski bəyan edib ki, əgər DAK hesabatda Polşa tərəfinin mövqeyini nəzərə almasa, Varşava öz müstəqil hesabatını hazırlayacaq.

Xatırladaq ki, ötən il aprelin 10-da Smolensk səmasında “Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində 96 nəfər, o cümlədən prezident Lex Kaçinski və xanımı, çoxlu sayda hökumət rəhbərləri həlak olublar. Qəzanın səbəblərini araşdıran DAK komissiyasının tərkibində Rusiya, Polşa və ABŞ-dan ekspertlər iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR