Polşanın baş naziri Beynəlxalq Aviasiya Komitəsinin hesabatını yarımçıq adlandırıb

Polşanın baş naziri Beynəlxalq Aviasiya Komitəsinin hesabatını yarımçıq adlandırıb
# 13 yanvar 2011 16:47 (UTC +04:00)
Bakı - APA. Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasına dair Beynəlxalq Aviasiya Komitəsinin (BAK) hesabatı yarımçıq xarakter daşıyır, çünki orada Polşa tərəfinin qeydləri əksini tapmayıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu bəyanatla Polşanın baş naziri Donald Tusk çıxış edib.

Onun sözlərinə görə, hesabatda Polşa tərəfinin çox az sayda qeydləri əksini tapıb: “Polşa hökuməti Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb olacaq addım atmayacaq. Qəzadan sonra Rusiya və Polşa siyasətçiləri arasında həmrəylik və qarşılıqlı anlaşma mühiti formalaşıb”.

Polşa mətbuatının yazdığına görə, rəsmi Varşava BAK-ın hesabatından Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət verməyə hazırlaşır.

Qeyd edək ki, qəzaya görə kimin məsuliyyət daşıdığına dair Polşa tərəfinin iradları hesabatda nəzərə alınmayıb, qəzanın əsas səbəbkarları kimi əlverişsiz hava şəraiti ilə əlaqədar ehtiyat aerodroma enməkdən imtina edən pilotlar göstərilib. Qeyd olunub ki, ekipaj göyərtədə olan yüksək vəzifəli şəxslərin təzyiqi ilə eniş etmək barədə müstəqil şəkildə qərar qəbul edib. Hadisə zamanı Polşa Hərbi Hava Qüvvələrinin baş komandanı pilotların kabinəsində olub. Onun qanında 0,6 promille alkoqol aşkarlanıb.

Qəzanın səbəbləri ilə bağlı hesabatın layihəsi ötən ilin oktyabrında Polşa tərəfinə təqdim olunub. Layihə ilə tanış olan Polşanın baş naziri Donald Tusk sənədin qəbuledilməz olduğunu bildirib. Varşava BAK-a 150 səhifəlik irad göndərib. İradlarda hesabatda gəlinən nəticələrin beşdə birinin dəyişdirilməsi tələb olunur. Polşa tərəfi həmçinin Rusiyanın qəzaya görə məsuliyyətin bir hissəsini öz üzərinə götürməsini tələb edib. Polşanın ədliyyə naziri Kşiştof Kvyatkovski bəyan edib ki, əgər BAK hesabatda Polşa tərəfinin mövqeyini nəzərə almasa, Varşava öz müstəqil hesabatını hazırlayacaq.

Xatırladaq ki, ötən il aprelin 10-da Smolensk səmasında “Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində 96 nəfər, o cümlədən prezident Lex Kaçinski və xanımı, çoxlu sayda hökumət rəhbərləri həlak olublar. Qəzanın səbəblərini araşdıran BAK komissiyasının tərkibində Rusiya, Polşa və ABŞ-dan ekspertlər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR