Ankarada 20 Yanvar faciəsi ilə bağlı geniş tərkibli sərgi təşkil olunub

Ankarada 20 Yanvar faciəsi ilə bağlı geniş tərkibli sərgi təşkil olunub
# 19 yanvar 2011 21:53 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən 20 Yanvar Şəhidlər Günü münasibətilə xatirə tədbirləri çərçivəsində cari ilin 19 yanvar tarixində “Atatürk Orman Çiftliyi”nin Kino və Sərgi Salonunda geniş tərkibli sərgi təşkil olunub. Bu barədə APA-ya Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyindən məlumat veriblər.
Tədbirdə Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri və onların xanımları, diaspor nümayəndələri, elm və incəsənət xadimləri, Türkiyənin yüksək vəzifəli şəxslərinin xanımları, çox sayda KİV nümayəndəsi iştirak ediblər.
Tədbiri Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirinin xanımı Lalə Bağırova açaraq, “21-ci əsrin astanasında belə bir insanlıq faciəsinin yaşanması heç vaxt unudulmayacaq. Biz bu gün, o faciəli gecədə olanları qərənfillərin dili ilə sizlərə təqdim edirik. Qoy bir daha belə faciə yaşanması. Gənclər həlak olmasın. Analar ağlamasın.” sözlərini dilə gətirib.
Daha sonra söz Qazi Universitetinin professoru, həmvətənimiz Rahilə Şükürovaya verilib. Ardından Ankara Özəl Balet Məktəbinin Rəqs Qrupundan iki tələbə “Eşq və İnsanlığın öldüyü gecə” sərlövhəli rəqs nümayiş etdiriblər.
Sonra Ankara Dövlət Operasının incəsənət xadimləri Tərlan Qəzənfəroğlu (skripka) və Natalia Qrudnyankovanın (pianino) ifa etdikləri həzin musiqi sədaları altında tədbir iştirakçıları sərgidə nümayiş etdirilən 20 yanvar faciəsini əks etdirən rəsimlərlə və qeyd olunan faciəni qərənfillərin dili ilə anladan sənət əsərləri ilə tanış olublar.
19 yanvar tarixində Türkiyənin HaberTürk qəzetində 20 yanvar faciəsi ilə bağlı məqalə dərc olunub.
20 Yanvar faciəsi münasibətilə xatirə tədbirləri çərçivəsində cari ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə Türkiyənin nüfuzlu fikir quruluşlarından biri olan Türkiyə Stratejik Araşdırmalar mərkəzi müştərək olaraq geniş tərkibli konfrans təşkil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR