Gürcü alim “Metsamor” AES-in bağlanmasını qaçılmaz hesab edir

Gürcü alim “Metsamor” AES-in bağlanmasını qaçılmaz hesab edir
# 07 noyabr 2011 07:09 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Müasir zamanda enerji problemləri iqtisadi və hüquqi məsələlər arasında ən mühüm yer tutub. Hər il dünyada atom enerjisinə və onun təhlükəsizliyinə dair narahatlıqlar getdikcə artır. Əsas həyəcan təbili isə müddəti ötmüş, resursları tükənmiş və istismarı gərginlik yaradan atom stansiyalarının hələ də fəaliyyət göstərməsi ilə əlaqədar çalınır. Xüsusilə Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı həyəcan artır”.

Bunu Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Omar Ardaşeliya APA-nın Gürcüstan müxbirinə açıqlamasında deyib. Alimin sözlərinə görə, AES-də qəza təhlükəsi gözlənilməz nəticələrə gətirib çıxara bilər: “Qəza olarsa, atom bombasının partlayışında həlak olan insanların sayından da çox insan itkisi baş verə bilər. Bu dağıdıcı nəticələr Yaponiyaya atılan atom bombasından da çox fəlakət törədər. Bu bir daha təsdiq edir ki, istismar müddəti ötən “Metsamor” AES-in hələ də istismar edilməsi nəinki qəzaya, həm də təbii kataklizmə səbəb olar”.

Gürcü alim Ermənistandakı AES-in bütün parametrlər üzrə köhnəldiyini bildirib: “Stansiyada baş verən qəza Cənubi Qafqaz ölkələrində, eyni zamanda Avrasiya məkanında gözlənilməz fəsadlara gətirib çıxara bilər. Türkiyə ərazisində baş verən zəlzələ göstərir ki, Ermənistan ərazisində də dağıdıcı zəlzələ ola bilər. AES belə bir təhlükə ilə üzləşsə, radioaktiv tullantılar ətraf ərazilərə yayılar, sonda bir neçə atom bombasının partlayışının törədə biləcəyi təhlükələrlə nəticələnər”.

O. Ardaşeliya təəssüflə bildirib ki, Ermənistan tərəfi alternativ enerji mənbələri axtarmaq istəmir: “Biz yaxşı başa düşürük ki, Ermənistanın kifayət qədər enerji resursu yoxdur, lakin buna baxmayaraq, AES-in bağlanması qaçılmazdır. Bu məsələ ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müvafiq tədbirlər görməlidir. Ermənistanda yaranan iqtisadi çətinliklərə görə stansiyada çalışan mütəxəssislər iş yerlərini tərk edirlər. “Metsamor” Atom Elektrik Stansiyasının mütəxəssislərinin öz işlərini atıb getməsi isə bir başqa, özü də daha böyük təhlükədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR