Türkiyədə növbəti güclü zəlzələ olub

Türkiyədə növbəti güclü zəlzələ olub
# 09 noyabr 2011 22:53 (UTC +04:00)
Bakı – APA. Türkiyənin şərqində, Van bölgəsində noyabrın 9-da axşam 5,6 bal gücündə zəlzələ olub. APA-nın məlumatına görə, Bakı vaxtı ilə 23.23-də (Türkiyə vaxtı ilə 21.23) baş verən yeraltı təkanlar nəticəsində ən azı 18 bina uçub. Uçan binalar arasında iki otel də var. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barədə hələlik dəqiq məlum yoxdur. İlkin ehtimallara görə, zəlzələ nəticəsində 50-dən çox insan ölüb.

Zəlzələnin episentri Van vilayətinin 15 km-liyində yerləşən Edremit rayonuna düşür.

Yerli telekanalların məlumatına görə, dağıntılar altında qalanlar var, bir neçə nəfər isə artıq xilas edilib.

Zəlzələ nəticəsində uçan “Bayram” otelində Türk Qızıl Ayının 30-35 əməkdaşının və jurnalistlərin olduğu xəbər verilir. Lakin yeraltı təkan baş verərkən oteldə neçə nəfərin olduğu məlum deyil. Edremit sakinləri təlaş içindədirlər. Onlar yeni zəlzələlərin baş verəcəyindən ehtiyatlanaraq küçələrə axışıblar.

Hadisə yerinə 25-ə qədər xilasetmə briqadası və həkim heyəti cəlb olunub. Əsas diqqət “Bayram” otelinin dağıntıları altında qaldığı ehtimal edilən insanların xilas edilməsinə yönəlib.

Türk Qızıl Ayı zəlzələ rayonuna 15 min çadır göndərib. Bundan başqa, baş nazirin müavini Bəşir Atalayın başçılığı altında hökumət üzvləri də Edremitə yola düşüblər.

Qeyd edək ki, oktyabrın 23-də Vanda 7,2 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 600-dən çox insan ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR