Rumıniya parlamenti yubiley münasibətilə Azərbaycanı təbrik edib

Rumıniya parlamenti yubiley münasibətilə Azərbaycanı təbrik edib
# 19 iyun 2012 23:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə 19 iyul 2012-ci il tarixində Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun sədri, senator Qeorgi David iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 20-ci ildönümü münasibətilə Rumıniya parlamentində çıxış edib.
Azərbaycan səfirliyindən APA-ya verilən məlumata görə, çıxışının əvvəlində Q.David Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu, ölkəmizin Şərqi Avropada ilk səfirliyinin məhz Rumıniyada açılmasının təsadüfi olmadığını diqqətə çatdırıb. Senator iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə malik olduğunu bildirərək, 1473-cü ildə Rumın kralı Böyük Ştefanla Ağqoyunlu hökmdarı Uzun Həsən arasında imzalanmış müttəfiqlik anlaşmasının önəmli olduğunu diqqət çəkib, Rumın knyazlığının o dövrdə müsəlman dünyasında yalnız Azərbaycan ərazisindəki dövlətlə bu cür ittifaqının olmasını vurğulayıb.

Senator həmçinin qeyd edib ki, Azərbaycan müasir dövlət müstəqilliyini 1991-ci ildə elan etsə də, ölkəmizin 1918-20-ci illərdə mövcud olmuş müstəqilliyi haqda təəssüf ki, çox az adamın məlumatı var. Q.David həmin dövrdə Azərbaycanın müsəlman şərqində ilk demokratik, dünyəvi və hüquqi dövlət olduğunu, milli parlamentini təsis etdiyini, hələ Avropanın bir çox ölkələrində müşahidə olunmayan praktika mövcud olduğunu, qadınlara seçmək və seçilmək hüququnun verildiyini xüsusilə vurğulayıb.

94 il bundan əvvəl mövcud olmuş dövlətçilik ənənələri ilə zənginləşmiş müasir Azərbaycanın öz praqmatik xarici siyasəti və geosiyasi mövqeyi ilə hazırda qloballaşan dünyada özünəməxsus yer tutduğunu qeyd edən senator 1991-ci ildən bu yana unitar, demokratik və dünyəvi dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlara toxunmuş, Azərbaycanda dinamik iqtisadi və siyasi inkişafın müşahidə olunduğunu bəyan edib.

Çıxışında imzalanmış ikitərəfli sənədlər, qarşılıqlı yüksək səfərlərin nəticələrindən bəhs edən senator ölkələrimiz arasında yaradılmış strateji tərəfdaşlıq və onun həyata keçirilməsi istiqamətində qəbul olunmuş fəaliyyət planının xüsusi önəm kəsb etdiyini bildirib. Azərbaycanın Avropa və Avro-atlantik strukturlara inteqrasiya prosesində Rumıniyanın böyük rol oynadığını fəxrlə bildirən Q.David xüsusi əhəmiyyət kəsb edən prinsipial məsələ və sahələrdə iki ölkənin mövqelərinin üst-üstə düşdüyünü, AGRİ layihəsinin həyata keçirilməsində hər iki ölkənin əməli səylər göstərdiyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ölkəsinin mövqeyini açıqlayan senator uzadılmış münaqişələrin həllində sülh yolu ilə beynəlxalq hüququn prinsiplərinə tam riayət etməyin vacibliyinə diqqət çəkib. Qarşılıqlı anlaşma və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi üçün fəal və konstruktiv yanaşmanın əsas çağırışların həllində müstəsna rol oynadığını bəyan edib.

Xalqlarımız arasında dialoqun gücləndirilməsində Azərbaycanın güclü iradə nümayiş etdirdiyini bildirən Q.David bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən və Rumıniyadakı müxtəlif sosial əhali qruplarının rifahına yönəldilmiş nəcib fəaliyyəti və humanitar yardımları alqışlayıb.

Sonda bu əlamətdar gün münasibətilə Q.David Azərbaycan dövlətini və xalqını səmimi qəlbdən təbrik etmiş, iki ölkə arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR