Əhməd Davudoğlu: “Suriya Türkiyə təyyarəsini beynəlxalq hava məkanında vurub”

Əhməd Davudoğlu: “Suriya Türkiyə təyyarəsini beynəlxalq hava məkanında vurub”
# 24 iyun 2012 10:56 (UTC +04:00)
Bakı – APA. Suriya Hava Hücumundan Müdafiə Qüvvələri Türkiyə hərbi təyyarəsini beynəlxalq hava məkanında vurub və təyyarə Suriya ərazi sularına düşüb.

APA-nın məlumatına görə, bu barədə iyunun 24-də TRT-yə müsahibəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Nazir deyib ki, kəşfiyyat təyyarəsinin uçuşu milli radarın funksiyasının yoxlanılması məqsədi ilə təlim və test xarakterli olub, Suriyanın əleyhinə yönəlməyib. Ə. Davudoğlu təyyarənin göyərtəsində heç bir silah olmadığını da bildirib.

Nazir deyib ki, Türkiyə təyyarəsinin uçuşu barədə Suriya tərəfi əvvəldən məlumatlı olub: “Suriya bilirdi ki, təyyarə Türkiyəyə məxsusdur”.

Ə. Davudoğlu onu da bildirib ki, Suriya tərəfi atacağı addım barədə təyyarə heyətini xəbərdar etməyib: “Halbuki beynəlxalq qanunvericilik bunu tələb edir”.

Baş vermiş insidentin ciddi nəticələrinin ola biləcəyini qeyd edən nazir artıq 15 ölkədən olan həmkarı, həmçinin BMT baş katibi ilə baş verənlərə dair telefon danışıqları apardığını söyləyib. O, Ankaranın vəziyyət barədə NATO-nu da məlumatlandıracağını vurğulayıb.

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “RF-4E” tipli kəşfiyyat təyyarəsi iyunun 22-də Aralıq dənizi üzərində Suriya tərəfindən vurulub. Təyyarənin qalıqları və iki pilotunun axtarışları davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR