"Türkcell" şirkətinin İsveçin telekommunikasiya nəhəngi olan "TeliaSonera"nın "Fintur Holding"dəki payını almaq məqsədilə apardığı danışıqlar nəticəsiz qalıb. "APA-Economics" xəbər verir ki, bunu "Türkcell"in baş direktoru Kaan Terzioğlu bildirib.
"Hal-hazırda "Fintur Holding"in səhmlərinin 41,45%-i şirkətimizə məxsusdur. Səhmlərin qalan hissəsini almaq məqsədilə "TeliaSonera" ilə apardığımız danışıqlar nəticə vermədi. Lakin biz bütün alternativ variantları dəyərləndiririk", - deyə K. Terzioğlu qeyd edib.
Xatırladaq ki, "TeliaSonera" Avrasiya regionundakı aktivlərindən canını qurtarmaq istədiyini bildirib. "Fintur Holding" "TeliaSonera"nın Avrasiya regionundakı aktivlərini idarə edir. Söhbət "Azercell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.