Bu il Azərbaycanda 450-dən çox əlilin məşğulluğu təmin edilib

Bu il Azərbaycanda 450-dən çox əlilin məşğulluğu təmin edilib
# 17 avqust 2016 13:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı diqqətdə saxlanılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə aktiv məşğulluq tədbirlərinin davamı kimi, cari ilin yanvar-iyul aylarında Xidmətin xətti ilə 454 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib. Həmin vətəndaşlardan 155 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən olunmuş kvota üzrə iş yerlərində işlə təmin olunublar.

“Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”na əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5%-dən çox olmamaq şərti ilə müəyyən edilir. Belə ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3%-i, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə 4%-i, işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə 5%-i miqdarında kvota yeri ayrılır”, - deyə məlumatda vurğulanıb.

Ümumilikdə bu il ərzində respublikanın rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün ümumilikdə 665 müəssisədə 2 minə yaxın kvota üzrə iş yeri müəyyən olunub. Onlardan 50%-ə yaxını məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR