Bakı. Vüsal Nəbiyev – APA-Economics. "Yanvarın 22-də bir sıra kütləvi informasiya vasitələrində Türkiyə televiziya kanallarından birində yayımlanan proqramda Azərbaycan vətəndaşı Rasim İsgəndərlinin Dövlət Gömrük Komitəsinin ünvanına səsləndirdiyi həqiqətə uyğun olmayan məlumatlar yer alıb".
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, yanvarın 8-də Türkiyəyə səyahət edən R. İsgəndərli Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük sərhədini keçən zaman baqaj və ya əl yükündə özünün iddia etdiyi kimi, göyərçin quşları olmayıb və o, ölkədən göyərçin quşları aparmaq istədiyi barədə hər hansı gömrük orqanına müraciət etməyib: “Onu da qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, eləcə də respublikamızın bütün sərhəd-gömrük keçid məntəqələrində gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısı hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilib. Üstəlik, vətəndaşlar Dövlət Gömrük Komitəsinin internet səhifəsindən və bütün sərhəd-gömrük keçid məntəqələrində yerləşdirilən informasiya köşkləri vasitəsilə də bu barədə məlumat ala bilərlər”.