Bakı. Könül Kamilqızı – APA. “Hər il təxminən 180 minə yaxın şəxs ailə qurur. Həmin şəxslərin tibbi müayinəsi Azərbaycanın regionlarında Mərkəzi Rayon Xəstəxanaların və ya Şəhər Xəstəxanalarının, Şəhər Səhiyyə Şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən həyata keçirilir”.
APA-nın xəbərinə görə, bunu respublikanın baş hematoloqu Çingiz Əsədov irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına dair keçirilən konfransda deyib.
Onun sözlərinə görə, rayon və şəhər səhiyyə müəssisələrindən götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün Xüsusi Qan Xidməti avtomobilləri ayrılıb və marşrutlar müəyyən edilib. C. Əsədov bu gün tibbi müayinədən keçən təxminən 180 minə yaxın şəxsin qan analizlərinin götürüldüyü sınaq şüşələrin qarışması ehtimalının olmadığı da söyləyib: "Sınaq şüşələrinin bir-birinə qarışması ehtimalı var idi. Lakin Səhiyyə Nazirliyinin xüsusi proqram təminatı vasitəsilə ştrix kodlar hazırladıq. Bu kompüter proqramının sayəsində bu gün sınaq şüşələrinin bir-birinə qarışması, səhv düşməsi mümkün deyil".
Baş hematoloq əlavə edib ki, Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində nikaha daxil olmaq istəyən 110 min nəfər üzərində tibbi müayinə aparılıb. 3597 nəfərə talassemiya daşıyıcılığının aşkarlandığını deyən C. Əsədov vurğulayıb ki, müayinədən keçən 71 cütün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb: “Qadınların 12-də hamiləlik olub. Həmin qadınlarda aparılan müayinələr zamanı doğulacaq uşaqların birinin sağlam, 8-nin talassemiya daşıyıcısı olduğu, 3-nün isə xəstə olduğu məlum olub. Buna görə də 3 qadının bətnindəki döl tibbi abort vasitəsilə götürülüb. Cütlüklərin arasında 59-u ailə qurmamaq qərarına gələnlər, eyni zamanda hamilə olmayanlar da olub”.