Bakıdan Riqaya birbaşa aviareys açılır

Bakıdan Riqaya birbaşa aviareys açılır
# 17 fevral 2016 12:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Latviyanın “AirBaltic” aviaşirkəti cari ilin 29 may tarixindən etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirməyə başlayacaq.

AZAL-ın mətbuat xidmətindən “APA-Econonmics”ə verilən məlumata görə, birgə istismar haqqında razılaşmaya (code-share agreement) əsasən, "AirBaltic" aviaşirkətinin bu hava xətti üzrə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Riqa-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bakıdan Riqa istiqamətində uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 07:05-də, Riqa Beynəlxalq Hava limanına enmə yerli vaxtla saat 09:15-də olacaq. Riqadan uçuş isə yerli vaxtla saat 23:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə Bakı vaxtı ilə saat şəhər 05:50-də baş tutacaq. Bakı-Riqa-Bakı marşrutu üzrə aviabiletin qiyməti 314 avrodan başlayır.

Latviyanın paytaxtı Riqa Baltikyanı ölkələrin ən böyük şəhəri və ölkənin əsas turizm mərkəzidir. Riqanın Köhnə Şəhər, Lido əyləncə mərkəzi və digər maraqlı turistik yerləri müxtəlif ölkələrindən hər il minlərlə turist cəlb edir.

Riqaya reyslər biznes və ekonom salonlu, komfortlu “Boeing-737” laynerləri ilə həyata keçiriləcək.

Biletləri AZAL-ın və “AirBaltic” aviaşirkətinin kassalarında əldə etmək və www.azal.azwww.airbaltic.com saytlarında bronlaşdırmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR