Ukraynanın Azərbaycandakı səfirliyində “Eurovision 2017” mahnı müsabiqəsi ilə əlaqədar diplomatik qəbul keçirilib.
Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, “Eurovision 2017” müsabiqəsinin açılış mərasiminin baxışı təşkil edilən tədbirdə diplomatik missiya nümayəndələri, Azərbaycandakı Ukrayna diasporunun üzvləri, rəsmi şəxslər və iş adamları qatılıb.
Tədbirə xüsusi qonaqlar qismində "Eurovision 2011"nin qalibi Eldar Qasımov ilə "Eurovision 2014" və "Qolos stranı-4" müsabiqəsinin iştirakçısı Dilarə Kazımova, eləcə də Azərbaycanda keçirilən "Ölkənin səsi" müsabiqəsinin finalçısı Hüseyn Abdullayev, "Azərbaycanın səsi" müsabiqəsinin iştirakçısı, beynəlxalq yarışların laureatları Anastasiya Budakva və Yuliya Topçiy qatılıb.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib ki, “Eurovision” mahnı müsabiqəsinə hazırlıq ölkəsinin Rusiya tərəfindən üzləşdiyi təcavüz dövrünə təsadüf edib. Onun qənaətinə görə, hökumət əsas diqqəti ölkənin müdafiəsinin təmin edilməsinə yönəltsə də, "Eurovision 2017"nin müvafiq standartlara uyğun keçirilməsi üçün əlindən gələni edəcək.
Tədbirdə II Dünya müharibəsi zamanı, eləcə də Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü uğrunda aparılan müharibələr zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra tədbir iştirakçıları mahnı müsabiqəsinin açılış mərasimini onlayn rejimdə izləyiblər. Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələləri mayın 9 və 11-da, final isə 13 mayda Kiyevdə keçiriləcək.