AXCP funksioneri: “Fəaliyyəti böhranlı olan adamların “Anti-böhran koalisiyası” yaratması gülüncdür”

AXCP funksioneri: “Fəaliyyəti böhranlı olan adamların “Anti-böhran koalisiyası” yaratması gülüncdür”
# 04 mart 2016 10:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bəzi müxalifət partiya rəhbərlərinin təsis etdiyi “Anti-böhran koalisiyası”nın görüş təklifinə cavab verib.

AXCP Gənclər Komitəsinin sədri, Rəyasət Heyətinin üzvü İlham Hüseyn APA-ya açıqlamasında koalisiyada təmsil olunan partiya sədrlərini tənqid edib, görüşdə iştirak etməyəcəklərini qeyd edib: “Bütün bunlar imitasiyadır. Dəvət etsələr də, biz o kampaniyada iştirak etmərik. Fəaliyyəti böhranlı olan adamların “Anti-böhran koalisiyası” yaratması gülüncdür. Bu adamlar ictimai rəydə artıq yoxdurlar və bizim bu adamlarla heç bir birliyimiz ola bilməz. Biz öz təkliflərimizi vermişik, prinsipial olaraq yolumuza davam edirik. Siyasi buqələmunlarla hər hansı əməkdaşlıq etmək fikrimiz yoxdur”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya bildirib ki, dəvətlə bağlı partiyada müzakirə aparılaraq yekun qərar veriləcək.

Xatırladaq ki, Azərbaycanda bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan “Anti-böhran koalisiyası” ölkədəki ictimai-siyasi vəziyyətin birgə müzakirəsi üçün Müsavat və AXCP-ni dəyirmi masaya dəvət edib.

Koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, “Gələcək Azərbaycan”, Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, “AĞ Blok” və digər partiyalar daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR