Bakı. Fərid Mirzəyev – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bir sıra KİV-də Cəlilabad rayonunun Adnalı kəndində ev quşları arasında yoluxucu xəstəliyin yayılması, bəzi təsərrüfatlarda quşların kütləvi şəkildə tələf olması barədə yayılan məlumatlara münasibət bildirib.
DBNX-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar DBNX və Cəlilabad rayon Baytarlıq İdarəsinin əməkdaşları adı çəkilən kənddə və Cəlilabad rayonunda araşdırma aparıblar: “Araşdırma zamanı Adnalı kəndində bir həyətdə bir neçə baş ev quşunun tələf olması müəyyən edilib. Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə edilib. Müayinə zamanı quşların askaridoz (qurd) xəstəliyindən tələf olması aşkar olunub. Tələf olmuş quşlar xəstəliyin təlimatına uyğun olaraq zərərsizləşdirilmiş və dezinfeksiya işləri aparılıb”.
”Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın” – deyə məlumatda qeyd olunub.
Məlumatda o da bildirilib ki, DBNX KİV nümayəndələrindən xahiş edir ki, dəqiqləşdirmədən, aparılan müayinə və araşdırmaların nəticələrinə istinad etmədən ölkədə heyvanlar arasında hər hansı iti yoluxucu xəstəliyin olması barədə məlumatlar yaymaqdan çəkinsinlər: “DBNX aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur”.