Rövşən Lənkəranskinin cənazəsi Lənkərana gətirilib - YENİLƏNİB-4

Rövşən Lənkəranskinin cənazəsi Lənkərana gətirilib - <span style="color: red;">YENİLƏNİB-4
# 18 avqust 2016 22:07 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Canıyevin) cənazəsi doğulduğu Lənkəran şəhərinə gətirilib.

APA-nın cənub bürosunun məlumatına görə, İstanbul-Lənkəran xüsusi reysi ilə gətirilmiş cənazə Kiçik Bazar məscidinə aparılır.

R.Caniyev bu gün səhər saatlarında Kiçik Bazar qəbiristanlığında dəfn ediləcək.

**** 20.03

İstanbul. Mayis Əlizadə-APA. İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Canıyevin) cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.

Bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün hava limanında sənədləşmə aparılır.

Rövşən Lənkəranskinin cənazəsi doğulduğu Lənkəran rayonuna gətiriləcək.

***** 18.31

İstanbul. Mayis Əlizadə - APA. Rövşən Lənkəranskinin (Canıyev) İstanbulda öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

İstanbulun Florence Nightingale Xəstəxanasından APA-nın Türkiyə bürosuna verilən məlumata görə, avqustun 18-də gecə saat 00:30 radələrində xəstəxanaya taksi sürücüsü tərəfindən üstündə heç bir sənədi olmayan naməlum şəxs gətirilib.

Onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. 20 dəqiqə ərzində həkim müdaxiləsi olsa da, onu xilas etmək mümkün olmayıb.

Daha sonra polis əməkdaşları onun ölkəyə Rövşən Əliyev adı ilə daxil olduğunu müəyyənləşdirib.

R. Lənkəranski xəstəxanaya yerləşdirilərkən bədənində 20-ə yaxın güllə yarası olub.

Prokurorluq əməkdaşları hadisəyə cəlb olunub və R. Lənkəranskinin güllə yaralarından öldüyünə şübhə qalmadığına görə onun nəşinin Məhkəmə Tibbi Ekspertizasına göndərilməsi zəruri sayılmayıb. Mərhumun qohumları da bu qərarla razılaşıblar.

Hazırda R. Lənkəranskinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür və müvafiq sənədlər hazırlanır.

Sənədlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsdiqlənəndən sonra cənazə ölkəyə gətiriləcək.

R. Lənkəranski ilə birlikdə maşında olmuş digər şəxs isə hazırda İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində polis nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda "Rövşən Lənkəranski" kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

İtaliya məhkəməsi də Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. Bu səbəbdən o soyadını dəyişərək Əliyev edib. İtaliya məhkəməsi onu mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilib.

***

saat 15.33

İstanbul. Mayis Əlizadə - APA. Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.

Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.

Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk APA-nın müxbirinə bildirib ki, onun qarın nahiyəsindəki güllələr çıxarılıb.

Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.

Polisdən isə bildirilib ki, xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmayıb, o, xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alınıb.

R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.

***

saat 13.33

İstanbul. Mayis Əlizadə - APA. İstanbulda dünən gecə güllələnən şəxsin Rövşən Lənkəranski olduğu dəqiqləşib.

APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.

Agentliyin əməkdaşı onu da öyrənib ki, R. Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri isə gözünə tuş gəlib. Hadisə İstanbul Baş Polis İdarəsi tərəfindən araşdırılır.

Hazırda Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində olan R. Lənkəranskinin vəziyyətinin ağır olduğu bildirilir.

***

saat 04.02

Bakı-APA. İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyev silahlı hücuma məruz qalıb.

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən güllələnib.

Baş verən atışma nəticəsində ağır yaralanan iş adamı və sürücü xəstəxanaya çatdırılıb. Naməlum silahlılar hadisə yerindən qaçıblar. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq şəxsiyyəti müəyyənləşməyən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Atışma zamanı Rövşən Əliyevin avtomobilinə çoxlu sayda güllə dəyib. Hadisə yerindən avtomat və iki tapança tapılıb. Polis silahlıların tutulması istiqamətində əməliyyata başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR