AFFA prezidenti milli komanda ilə görüşüb

AFFA prezidenti milli komanda ilə görüşüb
# 29 avqust 2016 23:24 (UTC +04:00)

Bakı-APA. Avqustun 29-da Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşüb.

Apasport.az saytının məlumatına görə, görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Apellyasiya Arbitraj Tribunalının sədri Muxtar Babayev, AFFA-nın texniki direktoru Bernhard Lippert və Apellyasiya Arbitraj Tribunalının üzvü Murad Heydərov iştirak edib.

Robert Prosineçki millinin hazırlıq prosesi barədə məlumat verib, komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü deyib. AFFA prezidenti dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda millimizin qələbə qazanacağına ümidvar olduğunu bildirib, komandaya uğurlar arzulayıb.

Daha sonra prezident Rövnəq Abdullayev Azərbaycan milli komandasının futbolçuları ilə görüşüb. R.Abdullayev dünya çempionatının seçmə mərhələ oyunlarının son dərəcə vacib olduğunu bildirib, bütün futbolçuların qarşılaşmalara yüksək səviyyədə köklənməsinin önəmini vurğulayıb. Baş məşqçi ilə ayrıca görüşdüyünü qeyd edən assosiasiya prezidenti komandaya böyük ümidlər bəslədiyini qeyd edib.

Elmar Məmmədyarov, İskəndər Cavadov, Vaqif Sadıqov və Qurban Qurbanov çıxış edərək futbolçulara uğurlar arzulayıb. Millinin kapitanı Rəşad Sadıqov AFFA rəhbərliyinə xoş arzulara görə təşəkkür edib, dünya çempionatının seçmə mərhələsinin ilk oyununda San Marino yığmasına qalib gəlmək üçün bütün futbolçuların böyük əzmlə hazırlaşdığını, komandada yüksək əhval-ruhiyyənin olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR