Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna Ali Radasının üzvü Nadejda Savçenko Moskvaya gedib.
APA-nın məlumatına görə, bu barədə onun vəkili İlya Novikov “Twitter”də yazıb. O bildirib ki, N. Savçenko Rusiyada həbs olunmuş Ukrayna vətəndaşlarının apellyasiya şikayəti ilə əlaqədar Ali Məhkəmədə keçiriləcək iclasda iştirak edəcək və həmvətənlərinə dəstək verəcək.
Xatırladaq ki, bu ilin mayında Çeçenistanda Ukrayna vətəndaşları Nikolay Karpyuk və Stanislav Klıx 90-cı illərdə bu ərazilərdəki hərbi əməliyyatlarda iştirak etməkdə ittiham olunaraq müvafiq olaraq 22,5 və 20 il azadlıqdan məhrum ediliblər. S. Klıx 2014-cü ilin avqustunda, N. Karpyuk isə bu ilin martında saxlanılıb. Nadejda Savçenko isə Luqansk yaxınlığında rusiyalı jurnalistlərin ölümündə ittiham olunaraq 2014-cü ilin iyulunda saxlanıaraq Rusiyaya aparılıb və 2016-cı ildə 22 il azadlıqdan məhrum edilib. Bu ilin mayında o, Rusiya prezidenti tərəfindən əfv edilərək Ukraynaya qaytarılıb.