Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilən II Azərbaycan Elm Festivalı öz işini Gəncədə sona çatdırıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbir iştiraklçıları Heydər Əliyevin xatirəsini yad edib, Azərbaycan Minatür Kitab Müzeyinin Gəncə filialında nümayiş etdirilən miniatür kitablara baxıblar.
Sonra qonaqlar "Qədim və müasir elm, mədəniyyət mərkəzi olan Gəncə" adlı sərginin ekspozisiyası ilə tanış olublar. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev ikinci elm festivalının Gəncədə davam etdirilməsini şəhərin qədim və müasir elm mərkəzi kimi uğurlu ənənələrə hörmətin ifadəsi kimi dəyərləndirib, ölkə başçısının diqqət və qayğısı ilə şəhərdə elm sahəsində aparılan axtarışların nəticələrinə toxunub, Azərbaycanda, o cümlədən də Gəncədə çalışan elm adamlarının son illərdəki nailiyyətlərindən danışaraq iştirakçılara uğurlar arzulayıb.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkəmizdə elm festivallarının keçirilməsi artıq bir ənənəyə çevrilib və çox yaxşı haldır ki, Elm festivalı ölkəmizin böyük şəhərlərində, aparıcı elm və təhsil müəssisələrində davam etdirilir. Festivalın belə geniş audiitoriyalarda davam etdirilməsinin elmi nailiyyətlərimizin geniş içtimaiyyətə tanıdılması, o cümlədə də paytaxtdan kənarda çalışan elm adamlarının elmi axtarışlarının nəticələri ilə tanışlığının əldə edilməsində əhəmiyyətini vurğulayıb.
Tədbirdə akademiyanın vitse-prezidenti İbrahim Quliyev ölkəmizdə ikinci dəfə keçirilən elm festivalının elmi nailiyyətlərimizin daha geniş təbliğində, müasir elmi biliklərin təbliği və gəncləri elmi fəaliyyətə cəlb etməklə onlarda elmi-tədqiqat axtarışlarına marağın artırılmasında mühüm rolunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə elmin inkişafına göstərilən diqqət nəticəsində bu sahə gündən-günə genişlənməkdədir. İ. Quliyev həmçinin qeyd edib ki, ümummilli lider elm və təhsilin inkişaf etdirilməsinə dövlət siyasətinin prioritet istiqamətləri kimi dəyər verib və hazırda bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev son illər Gəncədə əldə olunan elmi nailiyyətlərdən danışıb, ölkə başçısının təşəbbüsü ilə qədim şəhərdə yeni elmi-tədqiqat institutlarının yaradlılmasını gələcək daha böyük nailiyyətlərin sanballı təməli kimi dəyərləndirib.
Çıxışlarda festivalın keçirilməsinin əhəmiyyətindən danışılıb, elmimizin nailiyyətlərinin təbliğində bu cür tədbirlərin mühüm rolu xüsusi vurğulanıb.
Tədbirdə geniş fikir mübadiləsi olub, müxtəlif elmi rəy və mülahizələr səslənib.