Milli Məclisin sədri Oqtay Əsədov Fransa səfiri xanım Orelia Buşezi qəbul edib.
Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, Fransa ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsində dövlət başçıları arasında keçirilən görüşlər və aparılan danışıqlar mühüm rol oynayıb:
“Bu günədək ölkələrimiz arasında 50-yə yaxın hüquqi sənəd imzalanıb. Azərbaycan Milli Məclisi Fransa parlamenti ilə əlaqələrin dərinləşməsinə böyük önəm verir. Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etməsi buna parlaq misaldır”.
O. Buşez isə bir diplomat kimi Fransa-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib. O qeyd edib ki, Fransa Azərbaycanla münasibətlərin inkişafına böyük maraq göstərir.