Nardaran hadisələri ilə bağlı məhkəmədə zərərçəkmiş polislər ifadə veriblər

Nardaran hadisələri ilə bağlı məhkəmədə zərərçəkmiş polislər ifadə veriblər
# 14 aprel 2017 14:16 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Ağaəli Yəhyayevin epizodu üzrə zərərçəkmiş polis əməkdaşları ifadə veriblər.

 

Şahid Abdullayev ifadəsində qeyd edib ki, 2015-ci il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşında aksiya keçirildiyi barədə daxil olan məlumat əsasında hadisə yerinə gediblər: "Biz ora gedəndə bir qrup adam Elçin Qasımovun azad olunmasını tələb edirdilər. Biz kütlənin qarşısına çıxdıq, onlar bizə daş atmağa başladılar. Həmin daşlardan biri mənim ayağıma dəydi, ancaq daşın kimin tərəfindən atıldığını görmədim".

 

Zərərçəkmiş Xətai Məmmədov hadisə nəticəsində dəyənək, qandalı itirdiyini deyib.

 

Digər zərərçəkmişlər - Mehman Mədətov və Elnur Şərifov isə yüngül xəsarət aldıqlarını deyiblər.

 

Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri olmadığını bildiriblər.

 

Proses aprelin 28-də davam etdiriləcək.

 

 

Qeyd edək ki, adları çəkilən şəxslərin bir qismi «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Elçin Qasımov isə Nardaran hadisələrindən öncə - noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR