Bakı – APA. Türkiyə millisinin və “Qalatasaray”ın əfsanəvi futbolçularından olan Bülənt Korkmazın uğursuz məşqçilik karyerası davam etməkdədi. Apasport.az saytının məlumatına görə, 2 gün əvvəl “Mersin İdman Yurdu”ndan da qovulan çalışdırıcı karyerası ərzində 9-cu dəfə baş məşqçi postundan kənarlaşdırılıb.
Türkiyəli həmkarlarımız onun baş məşqçi kimi formalaşmayan karyerası ilə bağlı statistik yazı hazırlayıblar. O, 9 illik məşqçilik dövründə Azərbaycanda “Bakı”, vətənində “Qalatasaray”, “Gənclərbirliyi”, “Bursaspor”, “Mersin İdman Yurdu”, “Karabükspor”, “Medipol Başakşehir” və 2 dəfə “Ərciyyəspor”dan qovulub.
Korkmazın məşqçilik karyerasında ən uzun müddət postunda qalması isə 6 ayı əhatə edib. Mütəxəssisin bu rekordu da Azərbaycanda qeydə alınıb. 2012-ci il sentyabrın 29-dan 2013-cü il martın 22-dək “zolaqlılar”a rəhbərlik edən çalışdırıcı 7 ayını tamamlamağa gün qalmış işsiz günlərinə davam edib. Bu da onun karyerasında ən uzun müddətli baş məşqçilik fəaliyyətidi. “Medipol Başakşehir”də 6 aylıq səddi adlayan Korkmaz 7-ci ayının 17 gününü iş başında olub.
2015-ci ilin sentyabrında Mersin təmsilçisi ilə 1 illik müqavilə imzalayan türkiyəli “Bakı”dakı rekordunu yeniləmək imkanı əldə etmişdi. Lakin cəmi 4 aydan sonra postundan ayrılan çalışdırıcı Azərbaycan nailiyyətini toxunulmaz saxlayıb.