Avropa Şurasının (AŞ) “Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək” layihəsinin icrasına başlanması ilə bağlı AŞ-nın Azərbaycandakı rəhbərinin müavini Jöel Mermet və layihə üzrə məsul əməkdaş Aynur Yusifova ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində görüş keçirilib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Avropa Şurası tərəfindən ölkəmizin penitensiar sistemində aparılan islahatlara göstərilən dəstəyə yüksək dəyər verdiyini qeyd edib.
Jöel Mermet isə AŞ-nin fəaliyyət planı çərçivəsindəki layihənin məqsədinin Azərbaycanın penitensiar sistemində aparılan islahatlara zəruri sahələr üzrə dəstəyin davam etdirilməsindən ibarət olduğunu bildirib.
Görüşdə ölkəmizin penitensiar sisteminə göstərilməsi nəzərdə tutulan əlavə dəstəyin istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb, o cümlədən məhkumlara və təqsirləndirilən şəxslərə göstərilən tibbi xidmətin səviyyəsinin artırılmasının və həbsxanaların idarə olunmasının təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığı qeyd edilib.
Layihənin həyata keçirilməsi ilə əlaqədar üç pilot cəzaçəkmə müəssisəsinin müəyyənləşdirilməsi təklifi müzakirə olunub.
Görüşdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.