Xaricdə təhsil alan məzunlarla “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda panel keçirilib

Xaricdə təhsil alan məzunlarla “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda panel keçirilib
# 11 aprel 2017 09:05 (UTC +04:00)

 
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunları ilə “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda növbəti işgüzar panel keçirilib.

 

APA-nın xəbərinə görə, təhsil nazirini müavini Ceyhun Bayramov Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı ilk işgüzar panelin ötən ilin dekabr ayında ADA Universitetində keçirildiyini bildirib. Onun sözlərinə görə, budəfəki görüşün məqsədi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi, “start-up” və sahibkarlıq sahəsinin inkişafına dəstək, bu sahələr üzrə məzunlar arasında təcrübə, bilik və əlaqələrin genişləndirilməsi və fikir mübadiləsinin aparılmasına şərait yaradılmasıdır.

 

Nazir müavini qeyd edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” ilə ötən illər 3500-dən çox tələbə dövlət təqaüdü imkanları ilə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb: “Onlar təhsillərini başa çatdırdıqdan sonra ölkəyə qayıdaraq, müxtəlif sahələrdə, dövlət və özəl sektorda fəaliyyət göstərirlər. Xaricdə təhsil alan yüzlərlə məzun hazırda ölkənin ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olur. Son illər, müasir dövrdə ingilis dilində tədris olunan fənlərin və ixtisasların sayının artdığını nəzərə alsaq,  xaricdə təhsil alan məzunların potensialından daha geniş istifadə etməliyik”. 

 

Tədbirin davamında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Dövlət Proqramının məzunu və GoldenPay şirkətinin rəhbəri Fərid İsmayılov məzunlarla belə görüşlərin keçirilməsini yüksək qiymətləndiriblər. 

 
Məzunlar da gənc sahibkarlıq və start-up fəaliyyətininin inkişafı və gələcək perspektivləri ilə bağlı açıq fikir mübadiləsinə qoşulub, rəy və şərhlərini bildiriblər. Xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri, sahibkarlar arasında işgüzar  görüşlər də təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR